Bakı neft emalı zavodu üçün yeni müqavilə və satınalma sifarişi imzalanıb

Bakı neft emalı zavodu üçün yeni müqavilə və satınalma sifarişi imzalanıb Müqavilə H.Əliyev adına NEZ və "SOCAR Fugro" arasında imzalanıb
Energetika
11 Noyabr , 2015 16:49
Bakı neft emalı zavodu üçün yeni müqavilə və satınalma sifarişi imzalanıb

Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, zavodun və onun kənar sahələrində infrastrukturun layihələndirilməsi üçün müəyyən topoqrafik tədqiqat işlərinin aparılması məqsədlə layihəçi kimi cəlb edilmiş “SOCAR Foster Viler Mühəndis Xidmətləri” MMC (SFV) və layihə üzrə PMC şirkət olan “Fluor” tərəfindən topoqrafik tədqiqat işlərinin aparılması üçün hazırlanmış tədbirlər toplusu əsasında “SOCAR Fugro” MMC ilə xidmətlər haqqında müqavilə və müvafiq satınalma sifarişi imzalanıb.

İşlərə “SOCAR Fugro” MMC ilə birlikdə SOCAR-ın Geologiya və Geofizika İdarəsi də cəlb edilib. İmzalanmış müqavilə çərçivəsində ikinci dərəcəli geodeziya nişanlarının təsis edilməsi, NEZ-in bir sıra ərazilərinin, o cümlədən qonşu ərazilərin infrastrukturlarının, bütün mövcud texniki qurğuların (ilkin emal, katalitik krekinq, katalitik riforminq, tədrici kokslaşma və s.) ərazisinin, boru və kabel xətlərinin, NEZ-in gələcəkdə yeni qurğular üçün istifadə ediləcək boş sahələrinin tədqiq edilməsi, yekun olaraq hesabat və müvafiq xəritələrin hazırlanması nəzərdə tutulur. İşlərin sonunda hazırlanacaq məlumatlar müvafiq layihəçi şirkətə təqdim olunacaq, həmçinin növbəti mərhələdə - torpaq tədqiqat işlərində istifadə ediləcək.

Qeyd edək ki, bu sahədə geniş təcrübəyə malik “SOCAR Fugro” MMC Dövlət Neft Şirkətinin bir sıra layihələrində, o cümlədən Səngəçal terminalı ilə əlaqədar bütün layihələrdə, Neft-qaz emalı və neft-kimya Kompleksi (NQNK) layihəsində podratçı qismində iştirak edib.

Son xəbərlər

Orphus sistemi