Azərbaycanın neft sektoruna sərmayələr 28% artıb

Azərbaycanın neft sektoruna sərmayələr 28% artıb Bu il neft sektoruna sərmayələrin ümumi həcmi 4,4 mlrd. manatdan artıq olub
Energetika
21 Oktyabr , 2014 08:28
Azərbaycanın neft sektoruna sərmayələr 28% artıb
Bakı. 21 oktyabr. REPORT.AZ/ Azərbaycanın neft sektoruna sərmayələrinin həcmi 2014-cü ilin yanvar-sentyabr aylarında 4,406 mlrd. manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə neft sektoruna sərmayələr 28,2% artıb. Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, ölkə iqtisadiyyatına yatırılan sərmayələr ümumi strukturunda neft sektorunun payı 37,1% təşkil edir.

Müşahidəçilərin fikrincə, Azərbaycanın neft sektoruna sərmayələrin həcminin təxminən 30% artması "Şahdəniz-2" layihəsi üzrə işlərin aktiv fazasının başlaması ilə əlaqədardır.

Xatırladaq ki, 2013-cü il dekabrın 17-də Bakıda "Şahdəniz" dəniz qaz-kondensant yatağının işlənməsi üzrə layihə iştirakçıları layihənin ikinci mərhələsi üzrə yekun maliyyə qərarının qəbul edildiyini açıqlayıblar. Həmin layihə ümumilikdə 28 mlrd. ABŞ dolları dəyərində qiymətləndirilir. "Şahdəniz-2" layihəsi üzrə qaz hasilatına 2018-ci ildə başlanması planlaşdırılır. 

Qeyd edək ki, 2018-ci ildə qazın Türkiyəyə, 2019-cü ildə isə Avropa bazarlarına çıxarılacağı gözlənilir. "Şahdəniz-2" çərçivəsində qaz hasilatının illik həcmi 16 mlrd. kubmetr təşkil edəcək ki, bunun 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə göndəriləcək.

Ümumilikdə, "Şahdəniz-2" layihəsi çərçivəsində hasilatın başlamasından sonra yataqdan ümumi qaz hasilatı 25 mlrd. kubmetr təşkil edəcək. Bunun 9 mlrd. kubmetri layihənin birinci, 16 mlrd. kubmetri isə ikinci mərhələsində hasil olunacaq. "Şahdəniz" yatağının ehtiyatları isə 1,2 trln. kubmetr həcmində qiymətləndirilir. 

Xatırladaq ki, "Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya olunub. Layihədə BP (operator - 28,8%), "Statoil" (15,5%), SOCAR (16,7%), "LUKoil" (10%), NICO (10%), "Total" (10%) və TPAO (9%) şirkətləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi