Azərbaycanda 300 MVt-lıq alternativ enerji layihələri həyata keçiriləcək

Azərbaycanda 300 MVt-lıq alternativ enerji layihələri həyata keçiriləcək İlkin mərhələdə 1,2 MVt gücə malik hissəsi istifadəyə veriləcək
Energetika
20 Oktyabr , 2014 17:09
Azərbaycanda 300 MVt-lıq alternativ enerji layihələri həyata keçiriləcək

Bakı. 20 oktyabr. REPORT.AZ/ Gələn il Azərbaycanda günəş, geotermal sular, külək, kiçik çaylar, biokütlə kimi alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunmaqla ümumilikdə 300 MVt-lıq enerji layihələri həyata keçiriləcək. "Report"un məlumatına görə, bunu Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində (ABOEM) keçirilən tədbirdə qurumun sədri Akim Bədəlov bildirib.

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə üçün böyük imkanlar olduğunu deyən A.Bədəlov qeyd edib ki, yeni yaradılmasına baxmayaraq, Dövlət Agentliyi bir çox layihələr həyata keçirir. Belə ki, Bakının Pirallahı rayonunda inşası başa çatdırılan günəş elektrik stansiyasının ilkin mərhələdə 1,2 MVt gücə malik hissəsi istifadəyə veriləcək. Həmçinin, Qaradağ rayonunda, Sumqayıt və Samuxda günəş elektrik stansiyalarının, Xızı rayonunun Yeni Yaşma ərazisində 50 MVt gücündə külək elektrik stansiyasının tikintisi davam etdirilir. Şəki rayonunun ərazisindən keçən Kiş çayı üzərində isə kiçik su elektrik stansiyasının tikintisi başa çatdırılıb. 

A.Bədəlov əlavə edib ki, gələn il Şəki və Siyəzən rayonlarında biokütlə enerjisi stansiyaları qurularaq işə salınacaq. Bu stansiyalar həm ətraf mühitə atılan tullantıların miqdarının azalmasına müsbət təsir göstərəcək, həm də yeni enerji istehsalı növündən istifadəyə imkan verəcək.

Son xəbərlər

Orphus sistemi