​“Azəriqaz” əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırır

​“Azəriqaz” əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırır "Azəriqaz": Bədbəxt hadisələrin 98%-i istehlakçıların qazdan istifadə qaydalarına riayət etməməsi səbəbindən baş verir
Energetika
17 Noyabr , 2015 15:15
​“Azəriqaz” əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırır

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən mütəmadi olaraq aparılan məqsədyönlü təbliğata baxmayaraq, ölkə ərazisində təbii qazdan düzgün istifadə edilməsi qaydalarının kobud şəkildə pozulması hallarına hələ də rast gəlinir. "Report" xəbər verir ki, bu, SOCAR-ın mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, aparılmış araşdırmalar göstərir ki, bədbəxt hadisələrin təxminən 98%-i istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarına tam riayət edilməməsi səbəbindən baş verir. Bütün bunları nəzərə alaraq, “Azəriqaz” istehlakçıları təhlükəsizlik qaydalarına riayət etməyə çağırır: "Mənzilə, zirzəmilərə daxil olarkən qaz sızmasının olmadığını təyin etməmiş açıq oddan və elektrik şəbəkəsindən istifadə etməyin. Qaz cihazlarından istifadə etməzdən əvvəl mütləq otağın havasını dəyişin, yalnız qaz iyinin olmadığına əmin olduqdan sonra cihazı yandırın. Qaz cihazlarından istifadə edərkən yanan odu odluğa yaxınlaşdırdıqdan sonra qaz kranını açın. Qaz cihazlarını nəzarətsiz qoymayın. Kiçik yaşlı uşaqların, ruhi xəstələrin, qazdan istifadə etməyi bacarmayan şəxslərin qaz cihazlarından istifadəsinə imkan verməyin. Qaz cihazlarından istifadə edib qurtardıqdan sonra cihaz üzərindəki bağlayıcını və xətdəki nəzarət kranını bağlayın. Qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar edin".

Bununla yanaşı, qaz cihazlarının təmiri və onlara texniki xidmət göstərilməsi işləri yalnız xüsusi razılığı (lisenziyası) olan təşkilatların və ya yerli qaz istismar sahələrinin aidiyyəti işçiləri tərəfindən həyata keçirilməlidir: "Qaz iyi və qaz cihazlarında nasazlıq hiss etdikdə dərhal bütün kranları bağlayın, elektrik cihazlarını şəbəkəyə qoşmayın, işlək cihazları şəbəkədən ayırmayın, işığı yandırıb-söndürməyin, mənzilin havasını dəyişdikdən sonra 104 №-li telefonla qəza dispetçer xidmətinə müraciət edin. Mənzildə bir aydan çox müddətdə kimsənin yaşamayacağı təqdirdə, qaz istismar sahəsinə bu barədə əvvəlcədən yazılı olaraq məlumat verin. Zirzəmidə, binanın girişində, həyətdə, küçədə qaz iyi hiss etdikdə ətrafdakılara ehtiyat tədbirləri barədə xəbərdarlıq edin, qazlı mühitdən insanların çıxarılması, açıq od və qığılcım yarada bilən hərəkətlərin qarşısının alınması üzrə tədbirlər görün və qaz istismar sahəsinə təcili məlumat verin".

"Tüstü bacalarının, havalandırma və havadəyişmə xətlərinin normal işləməsini diqqətdə saxlayın və qaz cihazlarından istifadə etməzdən əvvəl mütləq onların normal işləməsinə əmin olun. Qaz sobalarının və su qızdırıcılarının tüstü kanalları (bacaları), mətbəx və vanna otaqlarının ventilyasiya kanalları (havadəyişmə yolları) qış mövsümünün başlanmasına qədər bina və fərdi yaşayış evlərinin sahibləri tərəfindən təmizləndirilməli, təmir etdirilməli və onların vaxtaşırı yoxlanılması təmin olunmalıdır. İctimai binalarda, təhsil, səhiyyə, digər idarə və müəssisələrdə təbii qazdan istifadəyə cavabdeh şəxslər təyin edilməlidir. Məsul şəxslər müəsissə rəhbərinin əmri ilə təyin edilməli və “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”na uyğun olaraq imtahan verməlidirlər. Eyni zamanda qeyd olunub ki, qaz xətlərinin özbaşına çəkilməsi, qaz cihazlarının yerinin dəyişdirilməsi, təmiri və əlavə qaz cihazlarının quraşdırılması; qaz cihazları üzərində paltar və ya diğər alışa bilən əşyaların qurudulması; qaz cihazları olan otaqlarda tez alışan mal və materialların yerləşdirilməsi və saxlanılması qadağandır", - "Azəriqaz" abunəçilərə tövsiyə edir.

Son xəbərlər

Orphus sistemi