"Azəri-Çıraq-Günəşli" blokunda hasilat 2015-ci ildə cüzi azalıb

"Azəri-Çıraq-Günəşli" blokunda hasilat 2015-ci ildə cüzi azalıb Ötən il neft hasilat quyularının sayı 7 ədəd, qaz və injektor quyularının sayı isə 3 ədəd artıb
Energetika
29 Fevral , 2016 15:46
Azəri-Çıraq-Günəşli blokunda hasilat 2015-ci ildə cüzi azalıb

Bakı. 29 fevral. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda 2015-ci ildə stabil hasilat davam edib. İl ərzində AÇG-dən ümumi hasilat – "Çıraq" (48 000), "Mərkəzi Azəri" (154 000), "Qərbi Azəri" (110 300), "Şərqi Azəri" (71 000), "Dərinsulu Günəşli" (141 400) və "Qərbi Çıraq" (109 400) platformalarından birlikdə gündə orta hesabla 634 000 barel və ya ümumilikdə illik 231 mln. barel (31,3 mln. ton) təşkil edib.

"Report"un BP şirkətinə istinadən verdiyi xəbərə görə, orta hesabla gündəlik hasilatın 0,63% azalması və ya ümumilikdə 0,86% azalması baş verib. Tonla müqayisədə isə 0,64% azalma qeydə alınıb.

İlin sonunda AÇG-də ümumilikdə 91 neft hasilat quyusu və 42 qaz və su injektor quyusu istismarda olub. Hesabat ilində AÇG-də 15 neft hasilat quyusu və iki suvurma quyusu qazılıb. Beləliklə, neft hasilat quyularının sayında 8,3% və ya 7 ədəd, qaz və injektor quyuları üzrə isə 7,7% və ya 3 ədəd artım olub.

Qeyd edək ki, 2014-cü il ərzində AÇG-dən ümumi hasilat "Çıraq" (61 900), "Mərkəzi Azəri" (156 500), "Qərbi Azəri" (149 300), "Şərqi Azəri" (74 200), "Dərinsulu Günəşli" (145 900) və "Qərbi Çıraq" (50 200) platformalarından birlikdə gündəlik orta hesabla 638 000 barel və ya ümumilikdə illik isə 233 mln. barel (31,5 mln. ton) olub.

Xatırladaq ki, AÇG-də BP (operator – 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "Inpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "İtochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) şirkətləri iştirak edir. 

Son xəbərlər

Orphus sistemi