​Azərbaycanla İraq arasında energetika sahəsində memorandum imzalanıb

​Azərbaycanla İraq arasında energetika sahəsində memorandum imzalanıb Natiq Əliyev: "Azərbaycan və İraq arasındakı münasibətlər təkcə enerji sahəsi ilə məhdudlaşmamalıdır"
Energetika
1 İyun , 2015 18:57
​Azərbaycanla İraq arasında energetika sahəsində memorandum imzalanıb

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycanın Energetika Nazirliyində energetika naziri Natiq Əliyev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və İraqın neft naziri Adil Abdulmahdi arasında görüş keçirilib.

"Report"un nazirliyin saytına istinadən verdiyi məlumata görə, Azərbaycanla İraq arasındakı münasibətlərin tarixi köklərindən danışan nazir Natiq Əliyev müvafiq beynəlxalq təşkilatlar çərçivəsində, eləcə də bir sıra qlobal məsələlərə münasibətdə ölkələrimizin yekdil mövqedən çıxış etdiklərini xatırladıb. Hər iki ölkənin malik olduğu zəngin neft resurslarının Azərbaycan və İraq arasında əməkdaşlığın daha da genişlənməsində yeni üfüqlər açacağına inamını ifadə edib. Bildirib ki, İraqda neft-qaz layihələri üzrə Anlaşma Memorandumunun imzalanması bu istiqamətdə gələcək əməkdaşlığın əsasını təşkil edəcək.

Bakıda SOCAR rəhbərliyi ilə apardığı danışıqları, keçirilən görüşləri yüksək qiymətləndirən İraqın neft naziri Adil Abdulmahdi də öz növbəsində iki ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişafının məhz Azərbaycanın müstəqilliyi dövrünə təsadüf etdiyini yada salıb. O, neft hasilatının həcminə görə İraqın OPEK ölkələri arasında ikinci yerdə dayandığını vurğulayıb və bildirib ki, ölkəsi hasilatın həcmini daha da artırmaq niyyətindədir. Qonaq Azərbaycanın neft sənayesində tətbiq edilən yenilikləri yüksək qiymətləndirib.

Natiq Əliyev isə qeyd edib ki, Azərbaycan və İraq arasındakı münasibətlər təkcə enerji sahəsi ilə məhdudlaşmamalıdır: "Tarixi köklərə söykənərək xalqlarımız arasında əlaqələr müxtəlif sahələrdə daha da genişlənməlidir. İmzalanan sənəd bu baxımdan da yeni imkanlar yaradır".

Görüşdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İraq Respublikasının Neft Nazirliyi arasında İraqda neft-qazın inkişaf layihələrinə dair Anlaşma Memorandumu imzalanıb.

Son xəbərlər

Orphus sistemi