AGRİ ölkələri birgə bəyannamə imzalayıb

AGRİ ölkələri birgə bəyannamə imzalayıb Layihənin Cənub Qaz Dəhlizinin bir hissəsi olaraq gələcəkdə inkişaf etdirilməsinə dəstək ifadə olunub
Energetika
25 İyun , 2015 10:12
AGRİ ölkələri birgə bəyannamə imzalayıb

Bakı. 25 iyun. REPORT.AZ/ AGRİ layihəsinin iştirakçısı olan dövlətlərin iclasında iştirak etmək üçün Buxarestə səfər edən Azərbaycan nümayəndə heyəti Rumıniyanın enerji, orta və kiçik sahibkarlıq və biznes mühiti naziri Andrey Dominik Gerey ilə görüşüb. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycanın energetika naziri Natiq Əliyev iki ölkə arasında siyasi və iqtisadi sahədə əlaqələrin uğurla inkişaf etdiyini bildirib, Azərbaycanda energetika sahəsində əldə olunan uğurlar, Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı son yeniliklər barədə məlumat verib. N.Əliyev və SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan mayeləşdirilmiş təbii qaz layihəsi (AGRİ) üzrə aparılan işlərin nəticələrini müsbət dəyərləndiriblər.

Qeyd olunub ki, AGRİ layihəsi Cənub Qaz Dəhlizinin vacib əlavə komponenti olmaqla Xəzər qazının nəqli üçün marşrutların diversifikasiyasına töhfə verə bilər. Görüşdə SOCAR-ın Rumıniyadakı fəaliyyətinə toxunulub, şirkətin Rumıniyaya qoyduğu investisiyanın Azərbaycan höküməti tərəfindən tam dəstəkləndiyi bildirilib. 

Rumıniyalı nazir A.Gerey ölkəsində həyata keçirilən qaz layihələri barədə Azərbaycan nümayəndə heyətinə məlumat verib, Avropanın alternativ qaz layihələrinə ehtiyacı olduğunu vurğulayıb. O, AGRİ layihəsi reallaşandan sonra Rumıniya ilə yanaşı gələcəkdə Bolqarıstan, Serbiya, Macarıstan və digər Şərqi Avropa və Balkan ölkələrinin Azərbaycan qazını idxal etmək imkanı əldə edəcəklərini bildirib. Nazir SOCAR-ın Rumıniyadakı fəaliyyətini yüksək qiymətləndirib və ölkəsinin iqtisadiyyatına yatırılan investisiya üçün Azərbaycan hökümətinə təşəkkür edib.

SOCAR-ın vitse-prezident müavini V.Bəylərbəyov “Şahdəniz-2” layihəsi ilə yanaşı hazırda “Abşeron”, “Ümid” və digər yataqlarda da işlərin davam etdirildiyini bildirib, bu yataqlardan hasil olunacaq qazın gələcəkdə yeni layihələrdə istifadə olunacağını qeyd edib.

İyunun 24-də Buxarestdə Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan mayeləşdirilmiş təbii qaz layihəsi (AGRİ) ölkələrinin energetika nazirlərinin iclası keçirilib. İclasda layihənin həyata keçirilməsi ilə bağlı iştirakçı ölkələrin mövqeyi, layihənin texniki-iqtisadi əsaslandırılmasının yekun nəticələri və maliyyələşdirmə imkanları müzakirə olunub.

N.Əliyev AGRİ layihəsinin iqtisadi və sosial əhəmiyyətindən bəhs edib, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, enerji resurslarının nəqli marşrutlarının diversifikasiyasına verdiyi töhfə və həyata keçirilən enerji layihələri barədə söz açıb. Gürcüstan energetika nazirinin müavini Mariam Valişvili ölkəsinin AGRİ-nin həyata keçirilməsinə verdiyi önəm və dəstək barəsində tədbir iştirakçılarına məlumat verib. Böyük Britaniyanın “Penspen” şirkəti AGRİ layihəsinin texniki-iqtisadi əsaslandırılmasına dair qısa təqdimat keçirib. BP şirkətinin Cənub Qaz Dəhlizi üzrə vitse-prezidenti Co Mörfy qeyd edib ki, AGRİ layihəsinə Cənub Qaz Dəhlizinin əlavə komponenti kimi baxılmalıdır və bu layihənin effektiv şəkildə həyata keçirilməsi üçün iştirakçı dövlətlər arasında müvafiq hüquqi, texniki və iqtisadi sənədlərin hazırlanmasına ehtiyac duyulur.

İclasın sonunda qəbul edilən Birgə Bəyannamədə AGRİ layihəsinin Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verən Cənub Qaz Dəhlizinin bir hissəsi olaraq gələcəkdə inkişaf etdirilməsinə dəstək ifadə olunub. 

Son xəbərlər

Orphus sistemi