Azərbaycanın energetika naziri Qazaxıstan səfirini qəbul edib

Azərbaycanın energetika naziri Qazaxıstan səfirini qəbul edib Astanada keçiriləcək "Expo-2017" beynəlxalq sərgisinin təşkili ilə əlaqədar məsələlər ətrafında müzakirələr aparılıb
Energetika
9 Sentyabr , 2015 15:57
Azərbaycanın energetika naziri Qazaxıstan səfirini qəbul edib

Bakı. 9 sentyabr. REPORT.AZ/ Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev Energetika Nazirliyində olub. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Energetika naziri, Azərbaycan-Qazaxıstan Hökumətlərarası İqtisadi Komissiyanın həmsədri Natiq Əliyevlə keçirilən görüşdə iki ölkə arasındakı dərin tarixi köklərə və dostluğa əsaslanan münasibətlərin inkişafından məmnunluq ifadə edilib.

Onun sözərinə görə, siyasi-iqtisadi əlaqələrin möhkəmliyi enerji sektorunda da uğurlu əməkdaşlığı təmin edib və birgə layihələrin həyata keçirilməsini mümkünləşdirib. Azərbaycan-Qazaxıstan Hökumətlərarası İqtisadi Komissiyanın fəaliyyəti də təqdirəlayiq hesab edilərək, əməkdaşlığın gələcək istiqamətləri və dünyada cərəyan edən iqtisadi və maliyyə böhranı ətrafında fikir mübadiləsi aparılıb.

Neftin qiymətinin iki dəfədən çox düşməsi ilə müşayiət olunan bu böhranın təsirlərindən danışan N.Əliyev deyib ki, bu prosesin əsas səbəbləri siyasi amillər və maraqlarla bağlıdır: “Ölkənin yüksək iqtisadi göstəriciləri isə belə qənaəti formalaşdırır ki, Azərbaycan düşünülmüş iqtisadi siyasət əsasında bu mərhələni də geridə qoyacaq. Bütün ölkələr, o cümlədən, Qazaxıstan da mövcud vəziyyətdən ancaq öz praqmatizmi ilə çıxa bilər”.

Qazaxıstan səfiri B.İsabayev isə bildirib ki, bütün sahələrdə ikitərəfli əlaqələrin inkişafının davam etdirilməsi onun diplomatik fəaliyyətində də prioritet təşkil edəcək. İkitərəfli münasibətlərin inkişafında isə qarşılıqlı səfərlərin və görüşlərin mühüm əhəmiyyət daşıdığı qeyd edilərək, Astanada keçiriləcək “Expo-2017“ beynəlxalq sərgisinin təşkili ilə əlaqədar məsələlər ətrafında müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi