Azərbaycanın energetika naziri CAR-ın yeni səfirini qəbul edib

Azərbaycanın energetika naziri CAR-ın yeni səfirini qəbul edib Cənubi Afrika hökuməti Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Energetika
27 Oktyabr , 2016 15:39
Azərbaycanın energetika naziri CAR-ın yeni səfirini qəbul edib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Cənubi Afrika Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Pule İsaak Malefane Energetika Nazirliyində olub. 

Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə iki ölkə arasında siyasi əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edilərək, iqtisadi, xüsusilə də enerji sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

İkitərəfli münasibətlərin möhkəmləndirilməsində müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin mühüm əhəmiyyət daşıdığını qeyd edən energetika naziri Natiq Əliyev bunu qarşılıqlı anlaşmanın göstəricisi kimi dəyərləndirib. Nazir Azərbaycanın neft-qaz ölkəsi kimi keçdiyi yola diqqət yönəldərək, enerji sektorunun ölkə iqtisadiyyatının inkişafına verdiyi töhfələrdən danışıb. Neft, qaz və elektrik enerjisinə daxili tələbatın ödənildiyi qeyd edilib. Enerji resurslarının ixracı istiqamətində həyata keçirilən iri layihələrlə bağlı məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan hökuməti hazırda iqtisadiyyatın şaxələndirilməsi, eləcə də yeni bazarların müəyyənləşdirilməsi istiqamətində islahatlar həyata keçirir və ölkələrlə əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni imkanlar yaradılır. Azərbaycanda əlverişli biznes mühiti, sərmayələrin qoyuluşu üçün münbit şəraitin olduğunu vurğulayan N.Əliyev enerji sektorunda, xüsusilə də neft emalı, neft-kimya sahəsində də yeni proqramların reallaşdırıldığını diqqətə çatdırıb.

CAR-ın səfiri P.İ.Malefane isə bildirib ki, Cənubi Afrika hökuməti Azərbaycanla əlaqələrə böyük önəm verir və iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Azərbaycanın neft hasilatında tarixi təcrübəyə malik olduğunu vurğulayan səfir mütəxəssislərin hazırlanmasında, enerji sektorunun inkişafında bu təcrübədən bəhrələnmək niyyətlərini ifadə edib.

N.Əliyev Azərbaycanın enerji sahəsində təcrübəsini bölüşməyə və CAR-ın böyük enerji potensialının inkişafına kömək göstərməyə hazır olduğunu bildirib.

Görüşdə, eyni zamanda, səhraaltı Afrikada enerji çatışmazlığının doğurduğu narahatlıqlar, 2035-ci ilə qədər Afrikanın enerji tələbatının ödənilməsi üçün görülməli olan tədbirlər, xüsusilə də enerji resurslarına çıxış üçün regionda sülh, siyasi və iqtisadi sabitliyin təmin edilməsinin vacibliyi ilə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi