Azərbaycandan 3 tələbə SOCAR-ın təqaüdü ilə Fransada təhsilini davam etdirəcək

Azərbaycandan 3 tələbə SOCAR-ın təqaüdü ilə Fransada təhsilini davam etdirəcək SOCAR-ın xaricdə təhsillə bağlı "Təqaüd Proqramı" Müsabiqə Komissiyasının növbəti iclası keçirilib
Energetika
6 Avqust , 2015 19:43
Azərbaycandan 3 tələbə SOCAR-ın təqaüdü ilə Fransada təhsilini davam etdirəcək

Bakı. 6 avqust. REPORT.AZ/ Bu gün SOCAR-ın xaricdə təhsillə bağlı "Təqaüd Proqramı" Müsabiqə Komissiyasının növbəti iclası keçirilib. 

SOCAR-ın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, istedadlı və perspektivli gənclərin SOCAR-ın vəsaiti hesabına xarici ölkələrin aparıcı universitetlərində təhsilini təşkil etmək məqsədilə proqram çərçivəsində həyata keçirilən işlərin uğurla davam etdirildiyi qeyd edilib. Hazırda "Təqaüd Proqramı" çərçivəsində 36 tələbə (bakalavr pilləsi üzrə 16, magistr pilləsi üzrə 19, uzmanlıq üzrə 1 tələbə) Avropa, ABŞ və Türkiyənin yüksək reytinqli universitetlərində təhsil alır. 

Artıq 214 nəfər (bakalavr pilləsi üzrə 39, magistr pilləsi üzrə 173, uzmanlıq üzrə 2 məzun) təhsilini başa vuraraq vətənə qayıdıb və SOCAR-ın idarə və müəssisələrində ixtisaslarına uyğun işlə təmin olunub. 2006-2015-ci illər ərzində "Xarici Təqaüd Proqramı" üzrə statistik göstəricilərin təhlili aparılıb və qeyd edilib ki, proqram üzrə ən çox tələbə (50 nəfər) 2011-ci ildə seçilərək xaricdə oxumağa göndərilib. 

Daha sonra proqram çərçivəsində 4-ü magistr, 2-si bakalavr olmaqla Böyük Britaniya və ABŞ-nin universitetlərində təhsil almış 6 məzun komissiya üzvləri qarşısında hesabatla çıxış edib. Məzunlar təhsil aldıqları ixtisas və ali təhsil ocağı, eləcə də ictimai fəaliyyətləri barədə ətraflı məlumat veriblər. İclasda daha sonra SOCAR-ın "Xarici Təqaüd Proqramı"na qoşulmaq istəyən 22 nəfərin namizədliyi müzakirə olunub. 

Qeyd edilib ki, 18 namizədin təhsildə göstəriciləri, seçdikləri ali təhsil ocaqlarının reytinqi və ixtisasları SOCAR-ın "Təqaüd Proqramı"nın şərtlərinə uyğundur və onlar proqrama daxil ediliblər. Həmin 18 nəfərdən 3 nəfərinin SOCAR-ın “Total E&P Azərbaycan” şirkəti ilə imzaladığı müqavilə əsasında Fransanın qabaqcıl ali məktəblərində təhsillərini davam etdirəcəkləri bildirilib.

Son xəbərlər

Orphus sistemi