​Azərbaycanda gələn il 150 MVt gücündə alternativ enerji stansiyaları tikiləcək

​Azərbaycanda gələn il 150 MVt gücündə alternativ enerji stansiyaları tikiləcək Bu ilin sonunadək ölkədə ümumi gücü 10 MVt olan üç alternativ enerji stansiyası istifadəyə veriləcək
Energetika
18 Noyabr , 2014 10:29
​Azərbaycanda gələn il 150 MVt gücündə alternativ enerji stansiyaları tikiləcək
Bakı. 18 noyabr. REPORT.AZ/ Gələn il Azərbaycanda ümumi gücü 10 MVt olan 3 alternativ enerji stansiyasının təhvil verilməsi və onların "Azərenerji" şəbəkələrinə qoşulması planlaşdırılır. “Report” xəbər verir ki, bunu Azərbaycan Alternativ və Bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov jurnalistlərə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, stansiyaların qarşıdakı üç ayda təhvil verilməsi gözlənilir: “Hazırda “Azərbaycan yolları” layihəsi davam etdirilir və 3 stansiyanın inşası prosesi gedir. Bu, Sumqayit şəhərinın çıxacağında olan 2,8 MVt-lıq stansiya və Qaradağ rayonu ərazisində tikilən “Sahil” və “Səngəçal” stansiyalarıdır. Bu stansiyaların toplam gücü 10 MVt olacaq. Sumqayıtdakı stansiyada işlər demək olar ki, tamamlanıb. Orada stansiyaya qoşulma məsələləri həll olunur. Qaradağ rayonunda isə panellərin düzülmə prosesi davam edir. Düşünürəm ki, təxminən 3 ay ərzində bu stansiyalarda işləri tamamlayıb "Azərenerji" şəbəkəsinə qoşmağa nail olacağıq. Burada əldə edilən enerjidən Lənkəran-Astara, Quba-Xaçmaz istiqamətində yolların işıqlandırılmasında istifadə ediləcək”.

A.Bədəlovun sözlərinə görə, Bakıətrafı yolların işıqlandırılması üçün Suraxanıdakı stansiyanın imkanlarından istifadə ediləcək: “Bakıətrafı yolların işıqlandırılması üçün Suraxanıdakı alternativ enerji stansiyasından istifadə ediləcək. Düşünürük ki, yollar ətrafında olan istifadəsiz torpaq sahələrini günəş enerjisi istehsalı zonalarına çevirək. Bu, torpaqlardan, həmçinin günəş enerjisindən səmərəli istifadəyə şərait yaradacaq”.

Qurumun sədri Azərbaycanın tezliklə İran, BƏƏ, Rusiya və Ukrayna ərazisində də stansiyalar tikiləcəyini bildirib: “Bildiyiniz kimi, biz İranla memorandum imzalamışıq və tezliklə İran ərazisində də alternativ enerji stansiyalarının tikintisinə başlayacağıq. Digər tərəfdən BƏƏ-də alternativ elektrik stansiyalarının tikilməsi ilə bağlı təkliflər var. Bu ancaq evlərin üstündə olacaq. Əlavə olaraq Rusiya və Ukraynada belə bir stansiyaları tikmək planlarımız var”.

Elektrik enerjisi sahəsində vahid tarif sisteminin tətbiqi ilə bağlı yayılan fikirlərə aydınlıq gətirən A.Bədəlov bildirib ki, alternativ enerji sahəsində vahid tarif sistemi tətbiq edilməyəcək: “Yəqin ki, vahid tarif tətbiq etməyəcəyik. Çünki hər stansiyanın özünün əmələ gəlmə qiyməti var. Burada ən vacib məsələ şəffaflığı təmin etməkdir və biz də buna çalışırıq. Hazırda 12-13 sent ətrafında külək, 20 sent ətrafında günəş enerjisinin qiymətidir. Apardığımız hesablamalara əsasən deyə bilərəm ki, bu qiymətlər bir neçə dəfə aşağı düşəcək”.

Azərbaycan yaxın perspektivdə heyvandarlıq tullantıları hesabına alınan qazdan da enerji istehsal olunacağını deyən A.Bədəlov Dövlət Agentliyinin 2015-ci il üçün böyük planlarının olduğunu bildirib: “Gələn ilə cddi planlarımız var. Artıq Şəkidə heyvandarlıq kompleksinə baxış keçirmişik. Bilirsiniz ki, heyvandarlıq tullantıları hesabına alınan qazdan da enerji almaq mümkündür və bu, həm ekoloji cəhətdən, həm də enerji əldə etmək baxımından əlverişlidir. Siyəzəndəki toyuq ferması üzərində də işləyirik. Həmçinin, Yeni Yaşma ərazisində 50 MVt-lıq stansiyanı almanlarla birgə təhvil verməyə hazırlaşırıq. Yaxın 1-2 ay ərzində bu stansiya da şəbəkəyə qoşulacaq. Gələn il üçün də 150 MVt-lıq stansiyanın hazırlanıb təhvil verilməsini planlaşdırırıq. Bu, ümumi şəbəkədə təxminən 10% təşkil edəcək”.

Son xəbərlər

Orphus sistemi