Bakı. 10 avqust. REPORT.AZ/ Bu gün Kürdəmir rayonunun Carlı kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.
"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 221 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 25 456 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb. Tədbirdə qeyd olunub ki, hazırda Kürdəmir rayonunun Türkədi, Mollakənd və Muradxan kəndlərinin qazlaşdırma istiqamətində işlər davam etdirilir. Yaxın müddətdə həmin kəndlərə də təbii qazın verilişi təmin olunacaq.