Azərbaycanda daha 14 kəndə qaz verilib

Azərbaycanda daha 14 kəndə qaz verilib Kəndlərin 3 minədək abonenti təbii qazla təmin olunub
Energetika
27 Noyabr , 2015 15:52
Azərbaycanda daha 14 kəndə qaz verilib

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu gün Şəki, Zərdab, Lənkəran, Ağsu və Xaçmaz rayonlarının daha 14 kəndinə təbii qaz verilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, kəndlərin 2 982 abonenti təbii qazla təmin olunub.

Şəki rayonunun 351 abonentlik Suçma kəndinin yenidən qazlaşdırılması ilə əlaqədar keçirilmiş tədbirdə bildirilib ki, bu məqsədlə birpilləli sistem əsasında ümumi uzunluğu 18 584 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 351 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Zərdab rayonunda keçirilmiş tədbirdə qeyd edilib ki, 524 abonentə malik Çallı kəndinə ilk dəfə təbii qazın verilməsi üçün həyata keçirilmiş işlər zamanı 43 609 metrlik polietilen və metal boru xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Lənkəran rayonunun Zövlə kəndinə də ilk dəfə qaz verilməsi münasibətilə keçirilən tədbirdə bildirilib ki, 588 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 32 131 metr uzunluğunda daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. 

Bu gün Xaçmaz rayonunun Gülalan, Qaraçı, Cığatay, Əbilyataq, İlxıçı, Qarabağlı və Niyazoba kəndləri də ilk dəfə qazlaşdırılıb. Bu münasibətlə keçirilmiş tədbirlərdə vurğulanıb ki, ümumilikdə 1 164 abonenti olan kəndlərin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 92 782 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1 164 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Ağsu rayonunun ümumilikdə 355 abonenti olan Abasxanlı, Rəhimli, Şahboylu və Keşdiməz kəndlərinin qaz təchizatının bərpası münasibətilə keçirilmiş mərasimlərdə isə qeyd olunub ki, qazlaşdırma işləri zamanı 37 km-ə yaxın polietilen və metal boru xətləri çəkilib, abonentlər sayğac və fərdi tənzimləyicilərlə təchiz edilib.



Son xəbərlər

Orphus sistemi