​Azərbaycanda 14 kəndə təbii qaz verilib

​Azərbaycanda 14 kəndə təbii qaz verilib Ümumilikdə, 3 561 abonent təbii qazla təmin olunub
Energetika
29 Oktyabr , 2015 16:45
​Azərbaycanda 14 kəndə təbii qaz verilib

Bakı. 29 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Oğuz, Göyçay, Beyləqan və Sabirabad rayonlarının daha 14 kəndinə təbii qaz verilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, 14 kəndin 3 561 abonenti təbii qazla təmin olunub.

Oğuz rayonunun 118 abonentlik Dəymədərə kəndinin ilk dəfə qazlaşdırılması ilə əlaqədar keçirilmiş mərasimdə bildirilib ki, bu məqsədlə birpilləli sistem əsasında 9 380 metrlik müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Beyləqan rayonunun Yuxarı Aran, Mil və Bahar kəndlərinə də ilk dəfə təbii qaz verilməsi münasibətilə keçirilən tədbirdə vurğulanıb ki, 1 243 abonenti olan kəndlərin qazlaşdırılması üçün ümumi uzunluğu 61 438 metrlik polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Sabirabad rayonunun ümumilikdə, 905 abonenti olan Yaxa Dəllək, Beşdəli, Həsənli, Axtaçı və Xankeçən kəndlərinin ilk dəfə qazlaşdırılması zamanı isə 89 534 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 905 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Göyçay rayonunda keçirilmiş tədbirlərdə qeyd olunub ki, rayonun ümumilikdə, 1 295 abonenti olan Aşağı Qaraməryəm, Mallı Şıxlı, Üngütlü, Xəlitli və Dövranlı kəndlərinə təbii qazın verilişinin bərpa edilməsi zamanı birpilləli sistem əsasında 115 713 metr uzunluğunda polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1 295 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Son xəbərlər

Orphus sistemi