Azərbaycan Xəzərdə ən iri külək elektrik stansiyası tikəcək

Azərbaycan Xəzərdə ən iri külək elektrik stansiyası tikəcək Layihənin əsas icraçısı SOCAR olacaq
Energetika
23 İyun , 2016 13:02
Azərbaycan Xəzərdə ən iri külək elektrik stansiyası tikəcək

Bakı. 23 iyun. REPORT.AZ/ Azərbaycan Xəzər dənizi hövzəsində ən iri külək elektrik stansiyası inşa edəcək. “Report” xəbər verir ki, bunu Alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov “Renewable Energy World” nəşrinə müsahibəsində bildirib.

A.Bədəlov deyib ki, layihənin ümumi dəyəri 300-330 mln. dollar təşkil edir. Stansiyanın gücü 200 MVt olacaq və bu, il ərzində 200 min kubmetr həcmində qaza qənaət etməyə şərait yaradacaq: “Əvvəlcə planlaşdırmışdıq ki, yüksək platformalar olmadan külək enerjisi təsərrüfatı quraq, amma bu halda layihənin dəyəri iki dəfə artıq olacaqdı”.

Dövlət Agentliyinin sədrinin sözlərinə görə, Xəzər dənizi akvatoriyasında olan bəzi adalarda analoji layihələri reallaşdırmaq təhlükəlidir: “Xəzər dənizində bəzi adalar var ki, onlar çox dayazdır və dənizin səviyyəsinin artıb-azalmasından asılı olaraq onların müvəqqəti yoxa çıxması mümkündür. Bir sözlə, bu adaların bəziləri tələdir”.

A.Bədəlov deyib ki, stansiyanın qurulması ilə xarici şirkətlərin iştirakı təmin edilməklə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məşğul olacaq. Artıq layihəyə Çin, Birləşmiş Ərəb Əmirlikləri və Almaniya şirkətləri maraq göstərir.

Qurum rəsmisi deyib ki, layihə stansiyanın tikintisi, platformalar yanaşı yolun tikintisi və paylayıcı şəbəkənin qurulması kimi üç ardıcıl mərhələdən ibarət olacaq. A.Bədəlov layihənin 10 ilə özünü doğruldacağını və bu layihənin regionun turizm potensialının artmasına müsbət təsir edəcəyinə əmin olduğunu deyib.

Son xəbərlər

Orphus sistemi