​Azərbaycan və Gürcüstan alternativ enerji üzrə işçi qrupu yaradıb

​Azərbaycan və Gürcüstan alternativ enerji üzrə işçi qrupu yaradıb Azərbaycanın alternativ enerji mənbələrinin potensialı 12 min MVt həcmində qiymətləndirilir
Energetika
8 İyul , 2015 18:28
​Azərbaycan və Gürcüstan alternativ enerji üzrə işçi qrupu yaradıb

Bakı. 8 iyul. REPORT.AZ/ Azərbaycan Alternativ və bərpa olunan enerji üzrə Dövlət Agentliyi ilə Gürcüstan Energetika Nazirliyi alternativ enerji sahəsində birgə işçi qrupunun yaradılması ilə bağlı razılığa gəlib. "Report" xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.

Məlumata görə, Agentliyin prezidenti Akim Bədəlov Tbilisiyə səfəri zamanı Gürcüstanın energetika naziri Kaxa Kaladze ilə görüşdə ölkələr arasında bu sahədə əməkdaşlıq üçün böyük potensial olduğunu açıqlayıb. Onun sözlərinə görə, su mənbələrindən səmərəli istifadə edilməməsi gələcəkdə problemlərə səbəb ola bilər.

Gürcüstan tərəfi isə Azərbaycanın reallaşdırdığı "Bir ev-bir stansiya" hibrid elektrik stansiya layihələrini dəstəklədiklərini və bunda maraqlı olduqlarını açıqlayıb.

Sonda ikitərəfli görüşlər və alternativ enerji sahəsində təcrübə mübadiləsini intensivləşdirilməsi üzrə işçi qrupunun yaradılması ilə bağlı qərarə qəbul edilib, müqavilə imzalanıb.

Hazırda Azərbaycanın elektrik enerji sistemi 7,2 min MVt təşkil edir və alternativ enerji mənbələrinin potensialı 12 min MVt həcmində qiymətləndirilir. Onun 5 min MVt-ı günəş, 4,5 min MVt-ı külək, 1,5 min MVt-ı biokütlə, 0,8 min MVt-ı biotermal enerji, qalan 0,35 min MVt-ı isə kiçik su elektrik stansiyalarının payına düşür.

Azərbaycan yaxın 5 il ərzində 100 alternativ enerji mərkəzi qurmaq fikrindədir. Ötən il Azərbaycanda alternativ enerji sahəsinə 63,6 mln. manat investisiya yatırılıb ki, bunun da 34,9 mln. manatı külək enerjisi, 28,7 mln. manatı isə günəş enerjisinin payına düşür. Ümumilikdə, 2000-ci ildən indiyədək bu sahəyə 800 mln. manatdan çox investisiya yatırılıb.

Son xəbərlər

Orphus sistemi