Nazir Natiq Əliyev: "Azərbaycan enerji layihələri üzrə götürdüyü bütün öhdəlikləri yerinə yetirir"

Nazir Natiq Əliyev: "Azərbaycan enerji layihələri üzrə götürdüyü bütün öhdəlikləri yerinə yetirir" Səfir Robert Sekuta: Rəsmi Vaşinqton qazın hasilatı və nəqlində Azərbaycana köməyini bundan sonra da davam etdirəcək
Energetika
8 İyul , 2015 16:20
Nazir Natiq Əliyev: Azərbaycan enerji layihələri üzrə götürdüyü bütün öhdəlikləri yerinə yetirir

Bakı. 8 iyul. REPORT.AZ/ Azərbaycanın energetika naziri Natiq Əliyev ABŞ-ın fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı qəbul edib. "Report"un Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə regional, Avropa və qlobal səviyyədə enerji təhlükəsizliyini təmin etmək məqsədilə ABŞ-ın etibarlı enerji istehsalçısı və təchizatçısı kimi Azərbaycanla əməkdaşlıq məsələləri müzakirə edilib.

N.Əliyev Cənub Qaz Dəhlizinin reallaşdırılması istiqamətində işlərin qrafikə uyğun aparıldığını bildirib. Nazir bu layihə üzrə Məşvərət Şurasının fevralın 12-də Bakıda keçirilmiş iclasının əhəmiyyətini xüsusi vurğulayıb. N.Əliyev həmin toplantının layihənin siyasi səviyyədə müzakirəyə çıxarılmasına, bütün tranzit ölkələrdə yarana biləcək mümkün problemlərin müzakirəsinə və çıxış yollarının birgə axtarılmasına şərait yaratdığını diqqətə çatdırıb. 

Energetika nazirinin sözlərinə görə, Azərbaycan enerji layihələri ilə əlaqədar üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir: "Azərbaycanın bu sahədə möhkəm hüquqi bazaya, güclü tərəfdaşlara və imkanlara malik olması buna şərait yaradır".

N.Əliyev TAP layihəsi ətrafında müşahidə olunan problemlərdən də söz açaraq ABŞ-ın bu məsələdə mövqeyini yüksək qiymətləndirib: “BTC nümunəsi də təsdiqləyir ki, iri enerji layihələrinin həyata keçirilməsi üçün siyasi dəstək çox vacibdir. Cənub Qaz Dəhlizi, onun bir hissəsi olan TAP-ın reallaşması üçün də belə dəstək mühüm əhəmiyyət kəsb edir.”

ABŞ səfiri R.Sekuta isə bildirib ki, rəsmi Vaşinqton qazın hasilatı və nəqlində Azərbaycana köməyini bundan sonra da davam etdirəcək.

Görüşdə Yunanıstanda cərəyan edən hadisələrin enerji layihələri və dünya bazarında neftin qiymətinə təsiri, Transxəzər qaz kəməri və “Türk axını” layihələri ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi