Azərbaycan Energetika Nazirliyi Türkiyə mətbuatının xəbərlərini təkzib edib

Azərbaycan Energetika Nazirliyi Türkiyə mətbuatının xəbərlərini təkzib edib Azərbaycanın səyi nəticəsində Tbilisidə Cənubi Qafqazda transsərhəd elektrik enerjisi əməkdaşlığının təşviqi haqqında bəyannamə müzakirədən çıxarılıb
Energetika
25 Avqust , 2015 13:08
Azərbaycan Energetika Nazirliyi Türkiyə mətbuatının xəbərlərini təkzib edib

Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycan, Gürcüstan və Türkiyə arasında elektrik xətti mövcuddur və yeni elektrik xəttinin çəkilməsi müzakirə mövzusu deyil. Türkiyə Azərbaycandan elektik enerjisinin idxalında maraqlıdır və bu istiqamətdə danışıqlar aparılır. Bunu "Report"a Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətindən deyiblər.

Nazirlik rəsmisi Türkiyə mediasında yeni elektrik xətlərinin çəkilməsi ilə bağlı yayılan məlumatların həqiqətə uyğun olmadığını açıqlayıb: "Türkiyə mətbuatının enerji dəhlizinin yaradılması ilə bağlı üç ölkə arasında ilkin bəyannamənin imzalanması ilə bağlı məlumatları həqiqəti əks etdirmir. Beləki, 2015-ci il 1 iyul tarixində Tbilisidə Gürcüstanın Enerji Xartiyasına sədrliyi çərçivəsində Cənubi Qafqazda regional elektrik enerjisi üzrə əməkdaşlıq görüşü keçirilib və bu görüşdə Azərbaycan nümayəndə heyətinin səyi nəticəsində “Cənubi Qafqazda Transsərhəd Elektrik Enerjisi Əməkdaşlığının Təşviqi haqqında Tbilisi Bəyannaməsi” müzakirədən çıxarılıb". 

"Tədbirdə çıxış edən energetika nazirinin müavini Natiq Abbasov Azərbaycanın regionda ilk dəfə olaraq enerji dəhlizini (Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri) yaratdığını diqqətə çatdıraraq bildirib ki, Rusiya, Gürcüstan, Türkiyə və İranla elektrik enerjisi sahəsində əməkdaşlıq yüksək səviyyədədir. N.Abbasov “Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü layihəsi” çərçivəsində 500 kV-luq Samux-Qardabani, Gürcüstanı Türkiyə ilə birləşdirən 400 kV-luq yüksək gərginlikli elektrik xətlərinin çəkilməsini və "Qara dəniz ötürmə şəbəkəsi layihəsi" çərçivəsində 500/400/220 kV-luq "Axaltsixe" yarımstansiyasını xatırladaraq deyib ki, bütün bunlar enerji dəhlizinin artıq mövcudluğundan xəbər verir. Ona görə də, hazırkı geosiyasi vəziyyətdə, xüsusilə də Ermənistanın işğalçılıq siyasətini davam etdirdiyi bir şəraitdə Şərq-Qərb, Şimal-Cənub elektrik dəhlizlərinin Gürcüstanda şəbəkəyə çevrilməsi məsələsini müzakirəyə çıxarmağa ehtiyac yoxdur", - deyə Nazirlikdən bildirilib.

Qurum yeni elektrik marşrutlarının yeni adla adlandırılmasının müəllifinin də nazir müavini olmadığını qeyd edib: "Onu da qeyd edək ki, Şərq-Qərb (EWEC) və Şimal-Cənub (NOSEC) Enerji Xartiyasının irəli sürdüyü əməkdaşlıq konsepsiyasının iki istiqamətidir. Ona görə də iddia edildiyi kimi bu istiqamətlərin bu şəkildə adlandırılmasının müəllifi Natiq Abbasov deyil".

Xatırladaq ki, Türkiyə KİV-i Tbilisi görüşü çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyə arasında yeni elektrik xəttinin çəkiləcəyini və Azərbaycanın energetika nazirinin müavini N.Abbasovun Qərb-Şərq xəttinin EWEC, Şimal-Cənub xəttinin isə NOSEC adlandırılmasını təklif etdiyini yazıb.

Son xəbərlər

Orphus sistemi