Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun mövcud texnoloji qurğularının modernləşdirilməsi, istehsal gücünün artırılması və ekoloji mühitin yaxşılaşdırılması məqsədilə yeni layihələrə start verillib.
"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, müvafiq proqrama əsasən, zavodun ЕD-АV-6, kаtаlitik krekinq qurğularında bir sıra modernləşdirmə işlərinin aparılması nəzərdə tutulub. Belə ki, "Foster Wheller" şirkəti (İtaliya) tərəfindən 21 nömrəli ED-AV-6 qurğusunun məhsuldarlığının ildə 7,5 mln. tona çatdırılması və qurğunun daxili istilik potensialından daha səmərəli istifadə edilməsi, eləcə də ABŞ-ın UOP şirkəti tərəfindən 55 nömrəli katalitik krekinq qurğusunun məhsuldarlığının ildə 2,5 mln. tona çatdırılması istiqamətində layihələndirmə başlanıb.
Eyni zamanda, ildə 100 min ton polietilen, 150 min ton polipropilen məhsulunun istehsalı üçün “Аzərikimya” İstehsalat Birliyinin xammalla təmin edilməsi diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Yaxın illərdə isə izomerləşmə, ekoloji mühitin yaxşılaşdırılmasında mühüm rol oynayan, mayeləşdirilmiş qazların və katalitik krekinq qurğusunun benzin faraksiyalarının kükürdlü birləşmələrdən təmizlənməsi üçün UOP və digər şirkətlərin texnologiyaları əsasında qurğuların tikintisi də nəzərdə tutulub.
Həmin məsələlərlə bağlı əlaqələndirici "Foster Wheller"in təşkilatçılığı ilə UOP şirkətinin nümayəndələri SОCАR-la danışıqlar aparıblar. Bir neçə gün davam edən işgüzar görüşdə qonaqlar qoyulan məsələlərlə bağlı təkliflərini verib, zavodun texnoloji qurğularında yenidənqurma və modernləşdirmə işlərinin mahiyyəti, həcmi, yerinə yetirilməsi vaxtı, eləcə də yeni qurğuların tikintisi haqda təqdimat keçiriblər. Danışıqlar zamanı protokol imzalanıb, bu layihələrin 2018-2019-cu illərdə həyata keçirilməsinə qərar verilib.
Qeyd edək ki, bu tədbirlər "Avro-5" standartlarının tətbiqinin sürətləndirilməsi ilə əlaqədar ölkədə fəaliyyət göstərən neftayırma müəssisələrində başlanan yenidənqurma işləridir.