Azərbaycan DESFA-da səhmlərin 17%-ni "Snam"a satacaq

Azərbaycan DESFA-da səhmlərin 17%-ni "Snam"a satacaq Energetika naziri Natiq Əliyev: "Bununla da DESFA məsələsi həll olunacaq"
Energetika
23 May , 2016 10:32
Azərbaycan DESFA-da səhmlərin 17%-ni Snama satacaq

Bakı. 23 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Yunanıstanın qazpaylayıcı şəbəkəsinin dövlət operatoru olan DESFA-da tenderdə qalib gəldiyi 66% səhm zərfindən 17%-ni İtaliyanın "Snam" şirkətinə satacaq.

"Report" xəbər verir ki, bunu energetika naziri Natiq Əliyev ANS-də yayımlanan "Hesabat" verilişində müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, Yunanıstan tərəfi bu ilin sonuna kimi DESFA məsələsinin həll olunacağını bildirib.

"Yəni, ya Avropa Komissiyası burada Avropa İttifaqının qanunlarına ziddiyyət olmadığını qəbul etməlidir, ya da onların dediyi kimi, əldə olunan 66%-in 17%-i digər şirkətə satılacaq. SOCAR-ın 49% hissəsinin qalmasını və bu payı təsdiq edəcəklərini bildiriblər. Bu barədə danışıqlar aparılır. Biz buna razıyıq. Biz 66%-in 17%-ni İtaliyanın "Snam" şirkətinə satacağıq və bununla da DESFA məsələsi həll olunacaq", - deyə nazir əlavə edib.

Xatırladaq ki, 2013-cü ildə DESFA-nın səhmlərinin 66%-nin satılması ilə bağlı keçirilən beynəlxalq tenderdə 400 mln. avro təklif edən SOCAR qalib gəlib. Lakin sonradan Avropa Komissiyası inhisarçılıq subyektinin yaranması ehtimalı ilə bağlı narahatlığını ifadə edib və araşdırmalara başlayıb. Yunanıstan rəsmiləri isə inhisarçılıq subyektinin yaranmaması prinsiplərini əsas tutaraq bu səhm zərfinin 17%-ni digər şirkətə yaxud üçüncü qrupa satmaq barədə düşündüklərini açıqlayıblar.

Son xəbərlər

Orphus sistemi