Azərbaycan Cənub Qaz Dəhlizi üçün maliyyə öhdəliklərinin 46%-ni icra edib

Azərbaycan Cənub Qaz Dəhlizi üçün maliyyə öhdəliklərinin 46%-ni icra edib Bu il Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsinə 2,8 mlrd. dollar vəsait ayıracağı planlaşdırılır
Energetika
25 Avqust , 2016 14:07
Azərbaycan Cənub Qaz Dəhlizi üçün maliyyə öhdəliklərinin 46%-ni icra edib

Bakı. 25 avqust. REPORT.AZ/ “Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinə investisya qoyuluşuna tam sadiqdir və maliyyə öhdəliklərini vaxtında yerinə yetirməyə davam edir”. “Report” “Natural Gas Europe” saytına istinadən xəbər verir ki, bu barədə “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev bildirib.

O qeyd edib ki, Azərbaycan tərəfindən Cənub Qaz Dəhlizi layihəsinə daxil olan layihələrin maliyyələşdirilməsinə 5,212 mlrd. dollar həcmində vəsait qoyulub. Layihədə Azərbaycanın payının maliyyələşdirilməsi 11,454 mlrd. dollar həcmində qiymətləndirilir: “Beləliklə, Azərbaycan artıq maliyyə öhdəliklərinin 45,5%-ni yerinə yetirib”.

Onun sözlərinə görə, ayrılan vəsaitin 2,5 mlrd. dolları Azərbaycan Dövlət Neft Fondu (ARDNF), 1,7 mlrd. dolları Maliyyə Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), 1 mlrd. dolları isə mart ayında yerləşdirilən avrobondlar vasitəsilə həyata keçirilib.

Ə.İsayev əlavə edib ki, bu il Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsinə 2,809 mlrd. dollar vəsait ayıracağı planlaşdırılır. QSC-nin baş direktorunun sözlərinə görə, bu həcmin 55,7%-i yaxud da 1,566 mlrd. dolları TANAP-a xərclənəcək, “Şahdəniz Mərhələ 2” üçün vəsaitin 30,2%-i və ya 847 mln. dolları ayrılacaq. Bu il TAP layihəsinə 278 mln. dollar, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsinə isə 118 mln. dolların ayrılması nəzərdə tutulur.

Ə.İsayevin sözlərinə görə, Azərbaycan Cənub Qaz Dəhlizi layihəsi üçün Dünya Bankından kreditin cəlb edilməsi üçün danışıqlar aparır: “Bizim layihə cəlbedicidir və maliyə qurumları Azərbaycanın enerji layihələri ilə maraqlanır. Beynəlxalq maliyyə qurumlarından dəqiq hansı həcmdə vəsait cəlb olunacağını söyləmək çətindir, çünki Azərbaycan maliyyə qurumlarının kredit şərtləri ilə bağlı ümumi nəticəyə gəlmləlidir. İnanırıq ki, kredit şərtləri yüngül və ödəmə müddəti ən azı 10 il olmalıdır, çünki bu layihələrdən təkcə Azərbaycan deyil, böyük region iqtisadi mənfəət əldə edəcək".

Qeyd edək ki, Azərbaycan Prezidentinin 25 fevral 2014-cü il sərəncamı ilə "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin idarə edilməsini təmin etmək məqsədilə nizamnamə kapitalı 100 mln. ABŞ dolları məbləğində olan və səhmlərinin 51%-i dövlət mülkiyyətində, 49%-i SOCAR-a məxsus olan "Cənub Qaz Dəhlizi" QSC təsis edilib. Sərəncamın 2.1-ci bəndi ilə Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi ARDNF-ə, dövlət mülkiyyətində olan səhmlərin sahibliyi və idarə edilməsi İqtisadiyyat Nazirliyinə tapşırılıb.

Hazırda Cənub Qaz Dəhlizi layihəsinin dəyəri təxminən 40 mlrd. dollar həcmində qiymətləndrilir. Bu vəsaitin 9,3 mlrd. dolları TANAP, 6 mlrd. dolları TAP, 23,8 mlrd. dolları isə “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihələrinin payına düşür.

Son xəbərlər

Orphus sistemi