​Avropa "Qazprom"u cərimə edə bilər

​Avropa "Qazprom"u cərimə edə bilər Cərimənin məbləği 3,8 mlrd. dollar ola bilər
Energetika
22 Aprel , 2015 17:56
​Avropa Qazpromu cərimə edə bilər

Bakı. 22 aprel. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Rusiyanın "Qazprom" şirkətinə qarşı Şərqi Avropaya qaz təchizatında inhisarçı mövqeyindən sui-istifadə etdiyinə dair ittihamlar irəli sürüb. "Qazprom" ya Aİ ilə razılığa gəlməli, ya da cərimə ödəməyə hazırlaşmalıdır.

"Report"un məlumatına görə, Aİ-nin ittihamları 8 Avropa ölkəsində - Bolqarıstan, Çexiya, Estoniya, Macarıstan, Latviya, Litva, Polşa və Slovakiyada "Qazprom"un fəaliyyəti ilə əlaqədar olub. Şirkət bu ölkələrə müqavilə məhdudiyyəti qoyaraq, onları sərbəst qaz ticarəti aparmaqdan məhrum edib. Yəni adıçəkilən ölkələr müqaviləyə əsasən, qazın təkrar ixracını həyata keçirə bilməz və nəticədə "Qazprom"la rəqabət apara bilmir.

Bununla yanaşı, "Qazprom"un Bolqarıstan, Estoniya, Latviya, Litva və Polşada qiymətləri süni artırdığı bildirilir. Şirkət bu ölkələrdə qazın qiymətini neft və neft məhsullarının qiymətindəki dəyişikliklərə uyğun indeksləşdirib. Əlavə olaraq, Aİ hesab edir ki, qazın qiyməti bütün ölkələr üçün eyni olmamalıdır.

Nəhayət, Aİ bildirir ki, "Qazprom" Bolqarıstan və Polşanı qeyri-bazar xarakterli müəyyən infrastruktur məcburiyyətlərinə vadar edib. Bolqarıstanda "Qazprom" bu ölkəyə Cənub Qaz Dəhlizində iştirak etmək şərti irəli sürüb. Polşada isə Yamal-Avropa qaz xəttinin Polşadan keçən hissəsində investisiya qərarları nəzarətini öz əlində saxlamaq şərti ortaya qoyulub.

Qeyd etmək lazımdır ki, "Qazprom"un Brüsselə cavab verməyə 12 həftə vaxtı var. Əgər "Qazprom"un günahkar olduğu təsdiqini taparsa, Aİ onu rəqabət qaydalarını dəyişməyə və cərimə ödəməyə vadar edə bilər.

"Sberbank" və "VTB24" təhlilçilərinin hesablamalarına görə, cərimənin məbləği 1-3,8 mlrd. dollar təşkil edə bilər.

Son xəbərlər

Orphus sistemi