Astanada Qazaxıstan-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Astanada Qazaxıstan-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək Gündəliyə iqtisadiyyat, yanacaq-energetika, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə əməkdaşlığa dair məsələlər daxil edilib
Energetika
16 Sentyabr , 2016 14:53
Astanada Qazaxıstan-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Bakı. 16 sentyabr. REPORT.AZ/ Sentyabrın 21-22-də Astanada Qazaxıstan-Azərbaycan İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının XIII iclası keçiriləcək. Bu barədə “Report”a Azərbaycan Energatika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İclasda Hökumətlərarası Komissiyasının həmsədrləri, Azərbaycanın energetika naziri Natiq Əliyev və Qazaxıstanın energetika naziri Kanat Bozumbayevin başçılıq etdikləri nümayəndə heyətləri iştirak edəcək. İclasın gündəliyinə iki ölkə arasında iqtisadiyyat, yanacaq-energetika, nəqliyyat, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi və mədəniyyət sahələrində əməkdaşlığa dair məsələlər daxil edilib. Həmçinin, Komissiyanın 4 dekabr 2015-ci ildə Bakıda keçirilmiş XII iclasının Protokolunda qeyd olunan müvafiq sahələr üzrə görülmüş işlər və ikitərəfli sərgi və biznes-forumların təşkili məsələləri nəzərdən keçiriləcək.

İclasda Qazaxıstan neft və neft məhsullarının Azərbaycan ərazisindən dünya bazarına nəqli məsələləri də diqqət mərkəzində olacaq. Yanacaq-energetika sahəsində Azərbaycan-Qazaxıstan əməkdaşlığının əsas istiqamətlərindən biri məhz karbohidrogen ehtiyatlarının Azərbaycan ərazisindən Batumi neft terminalına nəqli sayılır ki, Batumi limanı üzrə neft, neft məhsulları və maye qaz daşımalarının həcmi 2015-ci ildə 2,9 mln. ton, bu ilin 6 ayı ərzində isə 1,3 mln. ton olub. Bu həcmin artırılması imkanları, neft və neft məhsullarının Xəzər regionundan dünya və Avropa bazarlarına çıxarılma marşrutlarının diversifikasiyası istiqamətində əməkdaşlığı genişləndirmək, enerji layihələrini birgə həyata keçirmək perspektivləri eləcə də enerjiyə qənaət sahəsində normativ aktların hazırlanması ilə bağlı təcrübənin öyrənilməsi kimi enerji əməkdaşlığını əhatə edən məsələlər də Komissiyanın müzakirə predmeti olacaq.

Gündəlikdəki məsələlərin müzakirəsindən sonra yekun protokol imzalanacaq.

Son xəbərlər

Orphus sistemi