Boxum Rur Universiteti Azərbaycanın enerji siyasəti ilə maraqlanır

Boxum Rur Universiteti Azərbaycanın enerji siyasəti ilə maraqlanır Bakıda Universitetin Mədən və Enerji Hüququ İnstitutunun nümayəndə heyəti ilə görüş keçirilib
Energetika
4 May , 2016 18:01
Boxum Rur Universiteti Azərbaycanın enerji siyasəti ilə maraqlanır

Bakı. 4 may. REPORT.AZ/ Azərbaycan Energetika Nazirliyində Almaniyanın Boxum Rur Universitetinin Mədən və Enerji Hüququ İnstitutunun Təşviqi Birliyinin sədri Otto Vulfun rəhbərlik etdiyi nümayəndə heyəti ilə energetika nazirinin müavini Natiq Abbasov arasında görüş keçirilib. Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycanın həyata keçirdiyi enerji siyasəti, layihələr və perspektivlərlə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanda neft hasilatının dinamikası və mövcud vəziyyətdə artırılmamasının səbəbləri, ölkənin neft ixraçatçısı kimi əldə etdiyi nailiyyətlər qeyd edilib. Neft və təbii qazın bir neçə marşrut üzrə dünya bazarına çıxarılmasında “Əsrin müqaviləsi” və onun məntiqi nəticəsi olan Bakı-Tbilisi-Ceyhan kəmərinin xüsusi rolu qiymətləndirilib.

Nazir müavininin sözlərinə görə, təkcə Qərblə Şərqin kəsişmə məkanında deyil, həm də geosiyasi maraqların toqquşma mərkəzində yerləşməsinə baxmayaraq, Azərbaycan Bakı-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru kəmərləri ilə “üç dəniz əfsanəsi”ni reallığa çevirən, yəni, Xəzər dənizini Qara və Aralıq dənizləri ilə birləşdirən ölkə rolunu oynayıb, Avropa üçün yeni enerji mənbəyi, alternativ marşrutlar təklif edən, eyni zamanda tranzit ölkə olub.

Cənub Qaz Dəhlizinin də bu siyasətin davamı olduğunu və Azərbaycanın artıq qaz ixrac edən ölkəyə çevrildiyini deyən N.Abbasov bildirib ki, hazırda əsas hədəf qaz hasilatı və ixracını artırmaqdır: "Qaz hasilatının artırılması istiqamətində və Cənub Qaz Dəhlizi layihəsinin icrası ilə bağlı görülən işlər də imkan verir ki, 2050-ci ilə kimi Azərbaycan illik qaz ixracını 50 mlrd. kubmetrə çatdırsın. Cənub Qaz Dəhlizi vaxtında reallaşdırılacaq və Azərbaycan qazı 2019-2020-ci illərdə Avropa bazarlarına daxil olacaq".

Məlumata görə, Cənub Qaz Dəhlizi üçün əsas qaz mənbəyi 1,2 trln. kubmetr qaz ehtiyatına malik olan “Şahdəniz” yatağı sayılır. Azərbaycanda sübuta yetirilmiş qaz ehtiyatları isə 2,5 trln. kubmetr həcmindədir. Mayeləşdirilmiş təbii qazla (LNG) bağlı ölkəmizin planlarına da diqqət yönəlib. Bildirilib ki, bununla əlaqədar Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan arasında mayeləşdirilmiş təbii qaz layihəsi (AGRİ) mövcuddur.

“Bu layihəyə qazın kəmər vasitəsilə Azərbaycanın Səngəçal terminalından Gürcüstanın Qara dəniz sahilindəki Kulevi terminalına ötürülməsi, Kulevidən isə maye qaz şəklində tankerlərlə Rumıniyanın Konstanta terminalına yola salınması, burada yenidən qaz halına salındıqdan sonra mövcud şəbəkə vasitəsilə Rumıniya və digər Avropa ölkələrinə çatdırılması daxildir. Lakin daha ucuz başa gələn kəmərlərlə qazın ixracı mümkün olduğundan, AGRI layihəsinin Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verən Cənub Qaz Dəhlizinin bir hissəsi olaraq gələcəkdə inkişaf etdirilməsi nəzərdə tutulur", - deyə nazir müavini əlavə edib. 

Neft-qazla yanaşı, ölkənin enerji sisteminin gücünün və elektrik enerjisi istehsalının həcminin də həm daxili tələbatı təmin etməyə imkan verdiyi, həm də ixrac potensialını formalaşdırdığı da diqqətə çatdırılıb. Azərbaycanın ixracatçı kimi Avropa bazarlarına çıxmaq imkanlarından, Şərq-Qərb, Şimal-Cənub enerji dəhlizlərindən bəhs edilib. Alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin də əsas prioritetlərdən olduğu, bu məqsədlə 2004-cü ildə qəbul edilmiş Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramında külək, günəş, su, biokütlə və geotermal enerji mənbələrindən geniş və səmərəli istifadə olunması üçün konkret məsələlərin qoyulduğu, külək parkları, günəş stansiyaları, kiçik çaylar üzərində elektrik stansiyalarının inşa olunduğu qeyd edilib. Bildirilib ki, 2020-ci ildə Azərbaycanda elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin miqdarının azı 20%-ə çatdırılması planlaşdırılır. Alternativ enerji hesabına daxili tələbatın ödənilməsi isə neft-qaz kimi tükənən enerji resurslarına qənaəti təmin edəcək.

Son xəbərlər

Orphus sistemi