​"Abşeron" yatağının işlənməsi üzrə yekun investisiya qərarı 2017-ci ildə veriləcək

​"Abşeron" yatağının işlənməsi üzrə yekun investisiya qərarı 2017-ci ildə veriləcək Fransanın "Total" şirkəti "Abşeron" yatağının işlənməsi proqramını hazırlayıb
Energetika
14 Sentyabr , 2015 14:18
​Abşeron yatağının işlənməsi üzrə yekun investisiya qərarı 2017-ci ildə veriləcək

Bakı. 14 sentyabr. REPORT.AZ/ Fransanın "Total" şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" perspektiv strukturunun işlənməsi üzrə proqram layihəsini hazırlayıb. "Report" xəbər verir ki, bunu jurnalistlərə verdiyi açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, layihə üzrə yekun investisiya qərarı 2017-ci ildə qəbul ediləcək.

Qeyd edək ki, “Abşeron” yatağının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə müqavilə 2009-cu ilin fevralında imzalanıb. Müqaviləyə əsasən, SOCAR və "Total"in hər biri layihədə 40%, "GDF Suez" şirkəti isə 20% paya malikdir.

R.Abdullayev, həmçinin "Ümid" yatağından da danışaraq qeyd edib ki, strukturda aparılan qazma işləri davam etdirilir: "Tender elan olunub və təkliflərə baxırıq. Düzdür, qiymətlər düşdüyündən, əsas şirkətlər istəkli deyil. Bu təbiidir və biz tələsmirik. "Ümid" yatağında dördüncü quyunu qazmağa başlamışıq və neft-qaz istehsalı davam edir".

Qeyd edək ki, “Ümid” yatağı "SOCAR-Ümid" birgə şirkəti tərəfindən 2010-cu ildə kəşf edilib. Yatağın ümumi ehtiyatı 200 mlrd. kubmetr qaz və 30 mln. ton kondensat həcmində qiymətləndirilir.

SOCAR “Ümid-Babək” yataqlar blokunun kəşfiyyatı və işlənməsi üçün 2014-cü ilin yazında tender elan edib.

Son xəbərlər

Orphus sistemi