"Abşeron" yatağı üzrə "İnkişaf Proqramı"nın texniki hissəsi hazırlanıb

"Abşeron" yatağı üzrə "İnkişaf Proqramı"nın texniki hissəsi hazırlanıb İlk mərhələdə yataqdan illik qaz hasilatı 5 mlrd. kubmetr həcmində olacaq
Energetika
27 Noyabr , 2015 14:58
Abşeron yatağı üzrə İnkişaf Proqramının texniki hissəsi hazırlanıb

Bakı. 27 noyabr. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron" qaz-kondensat yatağının işlənməsi üzrə "İnkişaf proqramı"nın texniki hissəsi artıq hazırdır. "Report" xəbər verir ki, bunu Fransanın "Total" şirkətinin Azərbaycan üzrə icraçı direktoru Denis Lemarşal (Lemarchal) "Caspian Energy" jurnalına müsahibəsində bildirib.

O qeyd edib ki, texniki hissədə hasilat üzrə məlumat, investisiya xərcləri və layihənin digər texniki parametrləri yer alıb: "Biz artıq demək olar ki, "İnkişaf proqramı"nın texniki hissəsini hazırlayıb başa çatdırmışıq. Proqramın qaz satışı üzrə plan hissəsi isə hazırlanır. Bu hissəni Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və digər tərəfdaşımızla hazırlayırıq".

Şirkət rəsmisi bildirib ki, hədəf SOCAR qazma qurğusunu təhvil verən kimi ilk quyunu qazmaqdır. Onun sözlərinə görə, bu, 2017-ci ilin əvvəlinə nəzərdə tutulur.

İlkin mərhələdə hansı həcmdə qaz hasilatına gəlincə isə D.Lemarşal qeyd edib ki, ilk mərhələdə yataqdan illik qaz hasilatı 5 mlrd. kubmetr həcmində hesablanır: "İlk qaz 2021-ci ilin sonu, 2022-ci ilin əvvəlində hasil ediləcək".

O, qazın satışı ilə bağlı hələ qərar qəbul olunmadığını, lakin həm ixrac, həm də yerli bazar üçün hasil etməyə hazır olduqlarını da qeyd edib.

Xatırladaq ki, "Abşeron" qaz-kondensat yatağı Xəzər dənizində, "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. Yatağın sahəsi 260 kv. km təşkil edir. SOCAR-ın qiymətləndirmələrinə görə, yatağın potensial ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat təşkil edir. "Abşeron" layihəsində "Total" (operator, 40%), SOCAR (40%) və "Engie" (əvvəlki "Gaz De France Suez", 20%) iştirak edir.

Son xəbərlər

Orphus sistemi