ABŞ strateji neft ehtiyatlarını satmağa hazırlaşır

ABŞ strateji neft ehtiyatlarını satmağa hazırlaşır Neft təklifinin artması qiymətlərə mənfi təsir edəcək
Energetika
8 Sentyabr , 2016 18:15
ABŞ strateji neft ehtiyatlarını satmağa hazırlaşır

Bakı. 8 sentyabr. REPORT.AZ/ ABŞ-ın Prezidenti Administrasiyası ölkə konqresinə strateji neft ehtiyatlarından əlavə satışın həyata keçirilməsi üçün müraciət edib. "Report", "Reuters" agentliyinə istinadən xəbər verir ki, satışın 2017-ci maliyyə ilində başlanacağı və 2017-2020-ci illəri əhatə edəcəyi gözlənilir. Bu dövr ərzində ABŞ-ın 44 mln. barel neft satışından təqribən 2 mlrd. dollar əldə edəcəyi proqnozlaşdırılır. 2017-ci ildə 8 mln. barel neftin satışından 400 mln. dollar mənfəətin Texas və Luiziana ştatlarındakı neft anbarlarının modernizasiyasına yönəldilməsi planlaşdırılır.

Xatırladaq ki, ABŞ Konqresi bir müddət əvvəl 2018-2025-ci illər ərzində strateji neft ehtiyatlarından 124 mln. barel neftin satışının həyata keçirmək qərarını təsdiqləyib və bu satışdan əldə olunacaq vəsaitin yol infrastrukturunun yaxşılaşdırılmasına xərclənəcəyi bildirilir.

Qeyd edək ki, ABŞ strateji neft ehtiyatlarının formalaşmasına 1973-cü ildə OPEC-in ABŞ-a neft satışını durdurması səbəbindən sonra başlayıb. Məqsəd, idxalın dayandırılması halında ölkənin 3 aylıq neft ehtiyacını ödəmək olub. Hazırda ABŞ-ın strateji neft ehtiyatları 4 ayrı anbarda 700 mln. barelə yaxındır. Xatırladaq ki, Yaponiya da 500 mln. barel strateji neft ehtiyatlarına malikdir. Hindistan və Çin də son illərdə strateji neft ehtiyatlarını yaratmaq üçün yüksək miqdarda vəsait xərcləyib.

Xatırladaq ki, ABŞ 40 illik fasilədən sonra 2015-ci ilin dekabr ayında neft ixracına dair qadağanı ləğv edib.

"Report"un analitik qrupu ABŞ-ın strateji neft ehtiyatlarından satışa başlamasının neft bazarına az da olsa qiymətlərin aşağı düşməsi istiqamətində təsir edəcək. Qeyd etmək lazımdır ki, Çinin strateji ehtiyatları avqust ayında maksimal həddə yaxınlaşıb və sentyabrdan etibarən Çinin neft idxalını 15%-ə yaxın azaltması proqnozlaşdırılır. Qlobal iqtisadi artımın yavaşlaması ilə neftə tələbin azalması fonunda hasilatçı şirkətlərin təklifi artırması neft qiymətlərini orta müddətdə təzyiq altında saxlayacağı ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi