​ABŞ neft bazarına nəzarət etmək niyyətindədir

​ABŞ neft bazarına nəzarət etmək niyyətindədir Neft hasilatında dünya liderlərindən olan ABŞ qiymətlərə də nəzarət etmək iddiasındadır
Energetika
21 Sentyabr , 2015 12:03
​ABŞ neft bazarına nəzarət etmək niyyətindədir

Bakı. 21 sentyabr. REPORT.AZ/ Çində iqtisadi inkişafın zəifləməsi və yuanın devalvasiyası neft qiymətlərini son 6 ilin minimal səviyyəsinə kimi geriləməsinə səbəb olub.

"Report" xəbər verir ki, "Brent" markalı neft avqustun 24-də 42,23 dollar/bareldən satılıb, 2008-ci ilin dekabrında isə qiymət 36,2 dollar/barel olub. Çin neft ehtiyatlarını artırmaq yolu ilə cari qiymətləri hazırkı səviyyədə, yəni 40-50 dollar/barel intervalında saxlaya bilir. "Bloomberg" agentliyinin verdiyi xəbərə görə, Çin ilin əvvəlindən zəruri ehtiyacından gündəlik 500 min barel əlavə neft alıb. Kolumbiya Universitetinin Energetika Siyasəti Mərkəzi bildirib ki, Çin son 7 ayda strateji neft ehtiyatlarını artırmaqla bazardakı qiymətləri dəstəkləməkdə davam edir.

ABŞ-ın "Goldman Sachs" investisiya bankının Xammal bazarları Departamentinin rəhbəri Cef Kerri qeyd edib ki, hazırda neft bazarı qiymətlərin 20 dollar/barelə düşməməsi üçün Çini xilaskar kimi görür. Amma bu vəziyyət ən uzağı 2016-cı ilin sonuna qədər davam edə bilər.

Beynəlxalq Energetika Agentliyi (İEA) məlumat verir ki, ABŞ artıq uzun illərdir strateji benzin ehtiyatlarını 700 mln. bareldə saxlayır. Asiya ölkələri hazırda 200 mln. barel ehtiyat toplayıb və bunu 2020-ci ilə qədər 500 mln. barelə qədər artırmağı düşünür. Çinin isə 7 anbarı (toplam 151 mln. barel) artıq dolmaq üzrədir.

Fransanın "BNP Paribas" bankının xammal bazarlarında strategiya şöbəsinin rəhbəri Harrı Çilinquran bildirib ki, hazırda Çin tələbin azalmasını anbarları doldurmaqla kompensasiya etməyə çalışır. Bankın proqnozuna görə, Çində neft tələbində II rübdəki 5,6%-lik artım, son rübdə 2,3%-ə enəcək. Bu enmə Çində avtomobil satışının azalması, istehsalatda aktivliyin düşməsi, elektrik enerjisi istehlakının səngiməsi fonunda baş verəcək.

İngiltərənin "Barclays" bankı isə Çinin bu siyasətinin qiymətləri qısa müddətdə dəstəkləyəcəyini bildirir və qiymətin yekunda 30 dollara qədər enəcəyini proqnozlaşdırır.

Son günlər isə ABŞ, ölkəsinin uzun illərdir neft ixracına qoyduğu qadağanı aradan qaldırmaq üçün hərəkətə keçib. Neft ixracının bərpası ilə bağlı qanun layihəsi təsdiqlənərsə, bu, ABŞ-da 300 min yeni iş yerinin açılmasına gətirib çıxaracaq. ABŞ-da bu qanunun həyata keçməsinin tərəfdarları ölkənin neft bazarında da hegemon olmağını istəyənlərdir. ABŞ Neft İnstitutunun direktoru Cek Cerard məhz bu qanunu diqqətə alaraq bildirib ki, ABŞ, Səudiyyə Ərəbistanını sıxışdıraraq neft bazarının tənzimləyicisi olmaq üçün çox böyük imkanı qaçırmamalıdır. O qeyd edib ki, hazırda ABŞ 10 mln. barel neft hasilatı ilə liderlər sırasındadır və dünya neft bazarına çıxış imkanı ilə neftin qiymətinin formalaşmasında mühüm rol oynayacaq.

Son xəbərlər

Orphus sistemi