ABŞ-da açıqlanan statistika nefti bahalaşdırıb

ABŞ-da açıqlanan statistika nefti bahalaşdırıb Bu gün Energetika informasiyaları idarəsinin rəsmi hesabatı açıqlanacaq
Energetika
21 Sentyabr , 2016 11:07
ABŞ-da açıqlanan statistika nefti bahalaşdırıb

Bakı. 21 sentyabr. REPORT.AZ/ Sentyabrın 14-dən 20-nə qədər ABŞ-ın neft ehtiyatları 7,5 mln. barel azalıb. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ neft institutu məlumat yayıb. 

Məlumata görə, hesabat həftəsində ölkənin benzin ehtiyatları 2,5 mln. barel azaldığı halda, distillat ehtiyatları 1,4 mln. barel artıb. 

Açıqlanan statistikadan sonra əmtəə birjalarında "Brent" markalı neftin bir barelinin qiyməti 45,13 dollardan 46,5 dollara yüksəlib. Xatırladaq ki, bundan əvvəl qiymət Venesuelanın neft nazirinin bazarda təklifin tələbi 10% üstələməsi barədə açıqlamasından sonra azalmışdı. 

Bu gün həmçinin ABŞ-nın Energetika informasiyaları idarəsinin (EİA) neft ehtiyatları üzrə 15-21 sentyabr tarixləri üçün rəsmi statistikası açıqlanacaq. Analitiklər neft ehtiyatlarının 2,3 mln. barel artacağını, benzin ehtiyatlarının 1,5 mln. barel, distillat ehtiyatlarının isə 1,4 mln. barel azalacağını proqnozlaşdırırlar.

Xatırladaq ki, sentyabrın 26-28-də Əlcəzairdə OPEC-ə üzv ölkələrlə kartelə daxil olmayan digər hasilatçı ölkələrin qeyri-formal sammiti keçiriləcək. Sammitdə neft hasilatının dondurulması məsələsi müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi