Bakı. 7 may . REPORT.AZ /
Tədbirdə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Kamran Əliyev, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov, Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyinin rəhbəri Elməddin Muradlı və başqaları iştirak ediblər.
Mərkəzin uşaq avtoşəhərciyi bayraqlar, şüarlar, plakatlar, stendlər və yol nişanları ilə bəzədilib. Uşaqların yolda təhlükəsizlik qaydaları, yol hərəkət nişanları ilə bağlı maarifləndirilməsi və sürücülərin diqqətinin yolda uşaq təhlükəsizliyinə yönəldilməsi məqsədilə keçirilən tədbirə qatılan "Yol hərəkəti dərnəyi"nin xüsusi formalar geyinmiş üzvləri interaktiv, öyrədici, hərəkətli və didaktik oyunlar nümayiş etdiriblər.
Yol polisinin əməkdaşları çıxış edərək əsas diqqəti təhlükəsiz həyat üçün davranış vərdişlərinin formalaşdırılmasına yönəldilməsini tövsiyə edib və hamını qanunlara riayət etməyə çağırıblar. Digər çıxış edənlər isə yol hərəkəti qaydalarını məktəb yaşlarından öyrənməyin və buna əməl olunmasının vacibliyini vurğulayıblar.
Tədbirin sonunda təşkilatçılar uşaqlara və onların valideynlərinə balacaların yol hərəkət qaydalarını daha yaxşı qavramasına kömək edəcək yardımçı tədris vasitələri hədiyyə ediblər. "Uşaqlar və yol təhlükəsizliyi" layihəsinin fəal iştirakçılarına 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin diplomları təqdim olunub.