“Xocalı: soyqırım tariximizin son faciəsi” adlı elmi konfrans keçirilib

“Xocalı: soyqırım tariximizin son faciəsi” adlı elmi konfrans keçirilib Yaqub Mahmudov: "Xocalı faciəsi 200 illik qanlı tariximizin son soyqırımıdır"
Elm və təhsil
24 Fevral , 2016 19:23
“Xocalı: soyqırım tariximizin son faciəsi” adlı elmi konfrans keçirilib

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) Tarix İnstitutu, “Gənclərin Mənəvi İnkişafı” İctimai Birliyi və “Azərbaycan Tarixçiləri” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş “Xocalı: soyqırım tariximizin son faciəsi” adlı elmi konfrans keçirilib.

“Report" xəbər verir ki, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov Azərbaycan xalqına qarşı törədilən soyqırımların tarixindən və bunun davamı olan 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qəsbkar ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdikləri dəhşətli qırğınlardan danışıb. O bildirib ki, Xocalı soyqırımı Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biridir: “Xocalı faciəsi 200 illik qanlı tariximizin son soyqırımıdır. Məkrli ermənilər “böyük Ermənistan” yaratmaq xülyası ilə zaman-zaman işğalçılıq, qəsbkarlıq siyasəti aparmışlar. Əsrlər boyu, xüsusilə 1918-ci ildə ermənilər Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Zəngəzurda, Qarabağda, Naxçıvanda, İrəvan ellərində və digər şəhər və rayonlarımızda xalqımıza qarşı soyqırımı həyata keçirib, minlərlə insanı - qocanı, qadını, uşağı, gənci qanlarına qəltan ediblər”.

Y.Mahmudov ermənilərin törətdikləri Xocalı hadisəsinin XX əsrdə baş vermiş ən dəhşətli və amansız soyqırımı aktı olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan xalqının məqsədi bu gün ağır dəhşətli cinayəti yada salıb ruh düşkünlüyü yaratmaq deyil, bunlardan ibrət dərsi almalıyıq: “İbrət dərsi ondan ibarətdir ki, Azərbaycan xalqı vahidləşməli, birləşməlidir. Bu gün bütün dünya azərbaycanlıları üçün bir vətən var, o da Qarabağdır. Düşmən vətəndən qovulub, məhv edilib çıxarılmalıdır”.

Elmi konfransda tarixçi-alimlər Nazim Mustafanın “Ermənilərin 1905-1906-cı illərdə Cənubi Qafqazda azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar”, İlqar Niftəliyevin “1918-1920-ci illərdə İrəvan quberniyasında azərbaycanlıların soyqırımı”, Natiq Məmmədzadənin “1918-1920-ci illərdə Azərbaycanın Qarabağ bölgəsində azərbaycanlıların soyqırımı”, Vaqif Abışovun “Bakı qəzasında türk-müsəlman soyqırımı”, Güntəkin Nəcəflinin “1917-1920-ci illərdə Şərqi Anadolu, Naxçıvan və İrəvan bölgəsində ermənilərin türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımlar”, Kamran İsmayılovun “Zəngəzur bölgəsində azərbaycanlıların soyqırımı (1918-1920-ci illər)”, Cəbi Bəhramovun “Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilmiş 1918-ci il mart soyqırımının davamıdır” və İradə Məmmədovanın “1917-1920-ci illər İrəvan bölgəsində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları Türkiyə arxiv sənədlərində” mövzularında məruzələri dinlənilib.

Daha sonra tədbirdə Türkiyənin keçmiş təhsil naziri, Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin (YTSAM) rəhbəri Həsən Cəlal Gözəl, Türkiyənin İpək Universitetinin insan və cəmiyyət elmləri fakültəsinin dekanı Kamal Çiçək, Türkiyənin millət vəkili Mücahit Daloğlu çıxış edib.

Son xəbərlər

Orphus sistemi