Ekspert: "Xaricdə təhsil xidmətləri göstərən heç bir şirkət xaricdə təhsil üzrə dövlət proqramına qəbul üçün zəmanət verə bilməz"

Ekspert: "Xaricdə təhsil xidmətləri göstərən heç bir şirkət xaricdə təhsil üzrə dövlət proqramına qəbul üçün zəmanət verə bilməz" "Həmin şirkətlər insanlardan müxtəlif vədlərlə 100 minlərlə pul mənimsəyir"
Elm və təhsil
17 Aprel , 2015 16:06
Ekspert: Xaricdə təhsil xidmətləri göstərən heç bir şirkət xaricdə təhsil üzrə dövlət proqramına qəbul üçün zəmanət verə bilməz

Bakı. 17 aprel. REPORT.AZ/ "Xaricdə təhsil xidmətləri göstərən heç bir şirkət xaricdə təhsil üzrə dövlət proqramına qəbul üçün zəmanət verə bilməz. Dövlət proqramına müraciət onlayn və tamamilə ödənişsiz şəkildə aparılır. Bu barədə dəfələrlə açıq şəkildə xəbərdarlıq mesajları yazıb əhalini məlumatlandırmışıq". Bunu "Report"a "F-Group Academy"nin xaricdə təhsil üzrə mütəxəssisi Fuad Hacıyev deyib. 

Onun sözlərinə görə, bir neçə şirkət müraciət üçün belə insanlardan pul da alır: "Bir çox hallarda müştərilər bizdən övladlarının Dövlət Proqramına qəbul etdirməyi xahiş edirlər. Onlara bunun hər hansı bir məbləğlə mümkün olmadığını bildirdikdə, bəzən inciyir, bir çox hallarda "filan şirkətin hansısa qiymət qarşılığında bu işi gördüyünü" əsas gətirir. Lakin bu kimi hallar mümkünsüz və birbaşa qanunsuzluqdur".

F.Hacıyev onu da qeyd edib ki, əhalinin ən çox qarşılaşdığı problemlərdən biri də xaricdə təhsil üçün müraciət etdikləri şirkətlərin qəbul baş tutmadıqda ödənişlərini geri qaytarmamasıdır: "Bir çox hallarda hətta insanlar həmin şirkət rəsmilərini və ofisləri yerlərində tapa bilmirlər. Bir faktı da qeyd edim ki, xaricdə təhsil işində 1 % də olsa işin alınmamaq ehtimalı hər zaman var. Lakin bu halda şirkət ödənilmiş məbləğdən heç bir faiz tutmadan ödənişi tam olaraq geri qaytarmalıdır. Çünki müştəri məmnuniyyəti üçün bütün imkanlar səfərbər edilməlidir".

Yay mövsümü yaxınlaşdıqca xaricdə təhsillə məşğul olduqlarını bildirən şirkətlərin sayının artdığını deyən F.Hacıyevin sözlərinə görə, bu cür qurumların bir çoxu mövsümi şirkət olur: "Yəni, insanlardan müxtəlif vədlərlə yüz minlərlə pul alınaraq mənimsənilir. Bunun müqabilində isə heç bir iş görülmür. Bütün bunları nəzərə alıb xaricdə təhsil xidmətləri göstərən şirkətlərə müraciət etməzdən öncə üç məsələyə diqqət yetirmək mütləqdir. Belə ki, şirkətin neçənci ildən bu iş üzrə ixtisaslaşmasına, eyni adla neçə ildir fəaliyyət göstərməsinə, əgər baş ofislərinin xaricdə olduğunu və bu ildən Azərbaycana gəldiklərini iddia etsələr, o zaman baş ofisləri haqqında kiçicik araşdırma aparmaq lazımdır. Çünki ictimaiyyətin onlar haqqında daha az informasiyalı olmaqlarından istifadə edənlər hər il başqa ad və məkanlarda insanların inamından sui-istifadə etməyə çalışırlar. Hər kəsin borcu bu tip qurumlarla mübarizə aparmaqdır" - deyə, şirkət rəsmisi əlavə edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, xüsusən də Dövlət Proqramı ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmədiyini açıqlamışdı. 

Son xəbərlər

Orphus sistemi