Baş direktor: “Vyetnam xalqı hər zaman Heydər Əliyevi ehtiramla yad edir” - MÜSAHİBƏ

Baş direktor: “Vyetnam xalqı hər zaman Heydər Əliyevi ehtiramla yad edir” - MÜSAHİBƏ "Gələcəkdə bizim şirkətdə çalışan azərbaycanlı mütəxəssislərin sayı artacaq"
Elm və təhsil
1 Aprel , 2015 10:49
Baş direktor: “Vyetnam xalqı hər zaman Heydər Əliyevi ehtiramla yad edir” - MÜSAHİBƏ

Bakı. 1 aprel. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun dəvəti ilə Azərbaycanda səfərdə olan Vyetnam Sosialist Respublikasının VIETSOVPETRO şirkətinin baş direktoru Tı Txan Ngianın rəhbərlik etdiyi nümayəndə heyəti BANM-də olub və bir sıra işgüzar görüşlər keçiriblər. Tı Txan Ngia geniş səfər proqramının sonunda Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinə müsahibə verib. “Report” həmin müsahibəni təqdim edir:

Tı Txan Ngia 29 oktyabr 1962-ci ildə Vyetnamın An Janq vilayətində anadan olub. 1981-1986 ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft Akademiyası (ADNA)) neft və qazın istehsalı mühəndisliyi ixtisası üzrə təhsil alıb. T.T.Ngia 1987-ci ildə Vyetnamın 5-ci ən böyük şirkəti hesab olunan VIETSOVPETRO neft-qaz şirkətində operator vəzifəsinə təyin olunub. 1988-2004-cü illərdə burada usta, briqadir köməkçisi, platforma rəisinin müavini, sədr, baş mütəxəssis, sədr müavini kimi vəzifələrdə çalışıb. 2005-2006-cı illərdə Asiya Texnologiya İnstitutunda (Tayland) Menecment ixtisası üzrə təhsil alıb. 2005-2009-cu illərdə VIETSOVPETRO şirkətində qaz obyektlərinin istismarı üzrə direktoru təyin olunub, 2009-2012-ci illər ərzində isə neft və qazın istehsalı üzrə direktoru olaraq fəaliyyət göstərib. Daha sonra baş mühəndis, 2013-cü ildən etibarən isə həmin şirkətin baş direktoru olaraq çalışır. VIETSOVPETRO şirkətində çalışdığı illər ərzində, Vyetnam Sənaye və Ticarət Nazirliyi və Rusiya Federasiyasının Energetika Nazirliyi tərəfindən fəxri diplomlarla, həmçinin “Üçüncü dərəcəli əmək medalı” ilə təltif olunub.

- Bildiyimiz kimi, siz Azərbaycanda ali təhsil almısınız və uzun müddət burada yaşamısınız. Sonuncu dəfə Azərbaycana səfəriniz nə vaxt olub və yeni səfər sizdə Azərbaycan haqqında hansı təəssüratlar yaradıb?

- Azərbaycan mənim üçün çox doğma ölkədir. Çünki buradakı mühit, insanlar, tələbəlik illəri mənim şəxsiyyət və gələcəyin mütəxəssisi kimi formalaşmağımda çox böyük rol oynayıb. Azərbaycana son səfərim 14 il bundan əvvəl olub. Bu qədər uzun müddətdən sonra Azərbaycana yenidən səfər etmək və ölkənin ən nüfuzlu Ali Məktəbi ilə əməkdaşlığa başlamaq mənim üçün çox sevindirici və mühüm hadisədir. Xatırlayıram ki, hələ 1983-cü ildə, mən Azərbaycanda tələbə olarkən, Azərbaycanın Ümummilli lideri Heydər Əliyev Sov.İKP Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olaraq həmin dövrdə sovet dövlət və hökumət nümayəndə heyətinin rəhbəri kimi Vyetnama səfər etmişdi. Bu səfər Vyetnamın iqtisadi inkişafında, həmçinin elm və təhsilin inkişafında böyük rol oynadı. Vyetnam xalqı hər zaman Heydər Əliyevi böyük ehtiramla yad edir. Hal hazırda isə ölkələrimiz arasında təməli Heydər Əliyev tərəfindən qoyulan təhsil sahəsində ikitərəfli əməkdaşlıq bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf etdirilir. 2014-cü ilin may ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnama əhəmiyyətli səfəri oldu. Qeyd edim ki, həmin səfər zamanı, Prezident İlham Əliyevlə görüşdə mən Azərbaycanda təhsil almış mütəxəssis qismində çıxış etdim. Prezident cənab İlham Əliyevin Vyetnama səfəri təhsil sahəsində əməkdaşlığımızı növbəti inkişaf mərhələsinə qaldırdı. Bu gün VIETSOVPETRO şirkəti və Bakı Ali Neft Məktəbi arasında qurulan əməkdaşlıq bunun məntiqi davamı kimi qiymətləndirilə bilər. Bakıya gəldikdə isə, o çox dəyişib. Həmişə gözəlliyi və tarixi ilə seçilən Bakı bu gün məni daha da heyrətləndirdi. O nəinki gözəlləşib və qədimliyini qoruyub, həmçinin də çox müasirləşib. Yeni binalar, göydələnlər, mədəniyyət və incəsənət evləri, memarlıq abidələri, yeni asma və müxtəlif üslubda olan körpülər tikilib, eyni zamanda da Bakının simvollarından olan dənizkənarı milli park genişlənib və abadlaşıb. Çox sevindirici haldır ki, Bakı muasirləşməklə yanaşı, həm də Şərq üslubunu qoruyub saxlaya bilib. Bakı küçələrini gəzərkən və ətrafa diqqətlə baxarkən tələbəlik illərimdən olan xatirələrim yadıma düşürdü. Bu səfər burda yaşadığım müddət ərzində mənə əziz olan tələbəlik illərimdən qalan xatirələrimi canlandırdı.

- Azərbaycanın ən nüfüzlu ali təhsil müəssisəsi olan Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı, bu əməkdaşlıq əlaqələrinin nə kimi perspektivləri olacaq?

- Biz əldə olunan əməkdaşlıqdan çox razıyıq və düşünürəm ki, bu əməkdaşlıq gələcəkdə bizim şirkətdə çalışan azərbaycanlı mütəxəssislərin sayını artıracaq. Dünyaca tanınmış neft-qaz şirkəti olan SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığa başlamaq bizim üçün çox mühüm hadisədir və gələcəkdə mütəxəssis təcrübəsinin qarşılıqlı mübadiləsinin həyata keçirilməsinə, BANM-in tələbələrinin Vyetnamda istehsalat təcrübəsi keçmələrinə, Vyetnamlı tələbələrin BANM-də təhsil almasına, şirkətin mütəxəssisləri üçün BANM-də müxtəlif mövzular və ixtisaslar üzrə seminar, ixtisasartırma və yenidənhazırlanma kurslarının təşkilinə, elmi-tədqiqat işlərinin aparılmasına, birgə elmi, elmi-praktik, praktik-texnoloji seminar və konfransların təşkilinə, müxtəlif ölkəmiqyaslı və beynəlxalq layihələr çərçivəsində əməkdaşlığa, şirkətin və BANM-in mütəxəssisləri tərəfindən birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə, kadr ehtiyatlarının inkişafı kimi vəzifələrini uğurla yerinə yetirməyə imkan verəcək. Düşünürəm ki, imzalanan Anlaşma Memorandumu iki ölkə arasında neft-qaz sahələri üzrə kadr və mütəxəssis təcrübələrinin qarşılıqlı mübadiləsinin həyata keçirilməsində yeni mərhələ olacaq.

- Vyetnamın 80 % neft və qaz hasilatını təmin edən şirkətin baş direktoru olmaq sizin üçün nə deməkdir? Bu vəzifəyə təyin olunmamışdan öncə hansı mərhələlərdən və çətinliklərdən keçmisiniz? Çətinliklərin öhdəsindən necə gəlmisiniz?

- Əlbəttə, belə iri şirkətin baş direktoru olmaq çox məsuliyyətlidir. Ölkənin yanacaq-energetika və iqtisadi sektorunun inkişafının bir qismi demək olar ki, bizim şirkətin fəaliyyətindən asılıdır. Ona görə fəaliyyətimiz çoxşaxəlidir. Hazırda şirkətimiz Vyetnamı Cənub Şərqi Asiyada neft sənayesinin inkişafı üzrə 3-cü yerə gətirib çıxarıb. Mən bu şirkətə ilk dəfə 1987-ci ildə gəlmişəm. Operator vəzifəsindən başlayaraq, müxtəlif illərdə usta, briqadir köməkçisi, platforma rəisinin müavini, sədr, baş mütəxəssis, sədr müavini kimi vəzifələrdə çalışmışam və 2013-cü ildən etibarən VIETSOVPETRO şirkətinin baş direktoru vəzifəsinə təyin olunmuşam. Nəzəri biliklərimi təcrübədə istifadə edərək illər keçdikçə irəli addımlamışam. Xüsusilə də, neft-qaz sahəsindəki biliklərimi və təcrübəmi öz azərbaycanlı müəllimlərimdən və rəhbərlərimdən almışam. Sovet dövründə ali təhsilimi bitirən kimi işləməyə başlamışam. Azərbaycanlı mütəxəssislər tərəfindən tədris olunan nəzəri biliklərimi uğurla təcrübədə istifadə etmişəm. VIETSOVPETRO şirkətində ilk illər çalışdığımda, burada azərbaycanlı mütəxəssislərın sayı çox idi. Vyetnamda dənizdə hasilat və qazma sahəsi üzrə təcrübə olmadığına görə, azərbaycanlı mütəxəssislərin bu sahədəki təcrübələri bizim şirkət üçün həmişə mühüm əhəmiyyət daşıyıb. Bu uzun yolda çox çətinliklərdən keçmişəm. Əsas çətinliklərdən olan tənbəlliyə qalib gələrək öz üzərimdə daima çalışmışam. Məni bu vəzifəyə yüksəldən mənim məqsədyönlülük, əməksevərlik, liderlik keyfiyyətlərim olub. Bundan başqa, mən həmişə azərbaycanlı mütəxəssis Məhərəm Əhmədovun tələbəsi olduğuma görə özümü çox şanslı hesab etmişəm, çünki onun səyləri nəticəsində mən öz gələcək peşəmi peşəkarcasına mənimsədim və öz işimin mütəxəssisi oldum. Eyni zamanda, yüksək nəticəyə çatmaq üçün mütləq əldə olan bütün resursların düzgün paylaşılmasına və istifadə olunmasına diqqət yetirmək lazımdı. Hər bir işdə nəzəriyyə ilə təcrübənin vəhdəti olmalıdır.

- Məqsədə çatmaq üçün savad və iradə kifayət edirmi? Siz uğur qazanmış insan kimi bu barədə nə deyə bilərsiniz?

- Savadlı və iradəli olmaq əsasdır, amma məqsədə çatmaq üçün kifayət deyil. İntellektdən və iradədən başqa səbrin, məntiqli düşüncənin, məqsədyönlülüyün, əməksevərliyin, vaxtında tapşırılan işləri yerinə yetirmə bacarığın və vaxta qənaət kimi keyfiyyətlərin olması da məqsədə çatmaq üçün vacibdir. Öz uğurlarıma görə,ilk növbədə özümə borcluyam. Çünki, mən daima öz üzərimdə çox çalışmışam və bacarığlarımı inkişaf etdirmişəm. Daha sonra mənim uğurlarımda və savadlı olmağımda müəllimlərimin rolu əvəzsizdir, xüsusilə də azərbaycanlı mütəxəssislərin. Onlar mənim şəxsiyyət kimi formalaşmağıma və gələcək peşəmi mənimsəməyimə çox böyük təsir göstəriblər.

- Bakı Ali Neft Məktəbində keçirdiyiniz görüşdə tələbələrin çoxsaylı suallarını cavablandırdınız. Tələbələrimiz haqda fikirlərinizi bilmək istərdik.

- Tələbələriniz çox savadlı və aktivdirlər, həmçinin yaradıcı düşüncəyə və geniş dünya görüşünə sahibdirlər. Tam əminliklə deyə bilərəm ki, BANM-in tələbələri Azərbaycanın parlaq gələcəyinin təminatıdır. BANM-də tələbələr üçün yaradılan şərait təqdirəlayiqdir: innovasiya texnologiyaları, laboratoriyalar. Tədrisdə yeni texnologiyaların tətbiqi, xarici şirkətlərlə və universitetlərlə sıx əlaqələrin qurulması, onların təcrübələrindən istifadə edilməsi, ingilis dilini yüksək səviyyədə mənimsəmələri onların gələcəyin ən tələbatlı kadrları olacaqlarına təminat verir. Yeni tikilən kampusda gördüyüm yeniliklər də məni heyrətləndirdi. Düşünürəm ki, bu kampusda oxuyan gənclər ən şanslı tələbələr olacaqlar. BANM-in yaradılması SOCAR-ın yüksək ixtisaslı kadr hazırlığı istiqamətində ən uğurlu və düzgün atılan addımlarından biridir.

- Səfər çərçivəsində bir çox görüşləriniz oldu, eyni zamanda Bakıda bir sıra tarixi, mədəni yerlərə baş çəkdiniz. Azərbaycandan hansı təəssüratlarla ayrılacaqsınız?

- Mənim üçün 14 ildən sonra Bakını yenidən görmək əvəzolunmaz hiss idi. Azərbaycanın qısa zaman çərçivəsində bütün istiqamətlər üzrə sözün əsl mənasında xeyli inkişaf etdiyini gördüm. Şəhərdə gəzərkən müasirliyin və qərb üslubunun təcəssümü olan Alov qüllələrinin möhtəşəm görüntüsü hara getsən də həmişə göz önündədir, eyni zamanda, İçərişəhərin qədimliyi və şərq üslubunun qorunub saxlanılması təqdirəlayiqdir. Müasir qərb üslubuyla qədim şərq üslubunun qarşılaşması harmonik sintezdir. Onu da deyə bilərəm ki, insanlarınız həmişə olduğu kimi, qonaqpərvər və gülərüzdürlər. Üzlərindəki xoş təbəssüm və gözəl geyimləri onların həyatsevər, mədəniyyətli, yüksək ruhda olmalarının göstəricisidir. Azərbaycanın qısa müddətdə bu qədər inkişaf etməsi, xarici ölkələrlə dostluq və mədəni əlaqələrin qurulması üçün atılan addımlar düzgün seçilmiş siyasətin nəticəsidir. Mən Bakıdan sevgi dolu hisslərlə, xoş təəssüratlarla və canlanmış xatirələrimlə ayrılıram.

Son xəbərlər

Orphus sistemi