Valideyn himayəsindən məhrum olunan məktəblilər arasında yarış keçirilib

Valideyn himayəsindən məhrum olunan məktəblilər arasında yarış keçirilib Müsabiqələrdə iştirak edən komandalara və uşaqlara kuboklar və diplomlar təqdim edilib
Elm və təhsil
28 May , 2015 15:27
Valideyn himayəsindən məhrum olunan məktəblilər arasında yarış keçirilib

Bakı. 28 may. REPORT.AZ/ 28 May - Respublika Günü münasibətilə Təhsil Nazirliyinin tabeliyində olan valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 saylı ümumi orta internat və 8 nömrəli sanatoriya tipli internat məktəblərin təşkilatçılığı ilə "Vətənimi tərənnüm edirəm" adlı tədbir keçirilib. 

Nazirlikdən "Report"a verilən məlumata görə, tədbirdə internat məktəblərinin uşaqları özlərinin intellektual, idman, incəsənət və kulinariya sahəsində istedadlarını nümayiş etdiriblər.

Əsas məqsəd şagirdlərdə vətənpərvərlik hissini formalaşdırmaq, birliyi, dostluğu möhkəmləndirmək, onların istedadlarını üzə çıxarmaq və sağlam rəqabət aparmaq bacarığını inkişaf etdirmək, layiqli bir vətəndaş kimi yetişdirməkdən ibarət olub.

Tədbirdə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli internat məktəbin "Xəzər" komandası, 8 nömrəli sanatoriya tipli internat məktəbin "Qarabağ" komandası arasında şən startlar yarışı təşkil edilib. Vətən mövzusunda rəsmlər çəkilib, bilik yarışması, şeir, rəqs və kulinariya müsabiqələri keçirilib.

Müsabiqələrdə iştirak edən komandalara və uşaqlara kuboklar və diplomlar təqdim edilib.

8 nömrəli sanatoriya tipli internat məktəbinin direktoru Pəri Paşayeva və valideyn himayəsindən məhrum olunmuş uşaqlar üçün 2 saylı ümumi orta internat məktəbinin direktoru Dilarə Məşədiyeva bildiriblər ki, valideyn himayəsindən məhrum olan, ailə qayğısı görməyən bu uşaqların dünyagörüşünün artırılması, müvafiq bilik və bacarıqlara yiyələnmələri, bir-biri ilə düzgün münasibət qurmaları, ünsiyyət keyfiyyətlərinə yiyələnmələri, gələcəkdə öz yerlərini tutmaları və hər hansı peşəyə sahib olmaları istiqamətində görülən işlər davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi