Vakant müəllim yerlərinə əlavə yerləşdirmə üçün ərizə qəbulu başa çatıb

Vakant müəllim yerlərinə əlavə yerləşdirmə üçün ərizə qəbulu başa çatıb İşə qəbul üçün ərizə verən müəllimlərlə müsahibəsi keçiriləcək
Elm və təhsil
7 Sentyabr , 2015 12:47
Vakant müəllim yerlərinə əlavə yerləşdirmə üçün ərizə qəbulu başa çatıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ 2015-2016-cı tədris ilində ümumi təhsil müəsisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən, boş qalan və müsabiqə prosesində yeni yaranmış 1468 vakant yerə əlavə yerləşdirmə üçün ərizə qəbulu başa çatıb.

"Report" xəbər verir ki, sentyabrın 3-dən başlayan əlavə yerləşdirmə üzrə elektron ərizələrin qəbulu sentyabrın 6-da başa çatıb.

Vakant yer tutmaq hüququ qazanan namizədlər bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin II korpusuna müsahibəyə dəvət olunacaqlar.

Vakant yer tutmaq hüququ qazanan keçid balından aşağı bal toplamış namizədlərin siyahıları müddətli müqavilələrin bağlanması üçün müvafiq yerli təhsil orqanlarına və təhsil müəssisələrinə göndəriləcək.

Xatırladaq ki, əlavə yerləşdirmədə fənlər üzrə müvafiq keçid balını toplayan, eləcə də müəyyənləşdirilmiş keçid balından 10 faiz aşağı bal toplayan namizədlər iştirak edib. Əlavə yerləşdirmə nəticəsində vakant yer tutmaq hüququ qazanan keçid balını toplamış namizədlər müddətsiz müqavilə əsasında, keçid balından aşağı bal toplayanlar 2015-2016-cı dərs ilinin sonunadək müddətli müqavilə ilə işləmək hüququ əldə edəcəklər.

Əvvəlki illərdən fərqli olaraq, bu il müsabiqədən sonra ümumi təhsil müəssisələrində qalan vakant yerlərin tutulması sahəsində yeni yanaşma tətbiq edilib. Belə ki, ixtisaslı müəllimlərin müddətli müqavilə ilə işə qəbulunun mərkəzləşdirilmiş müsabiqə əsasında həyata keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi