UNEC-də müəllimlərin maaşları artırılıb

UNEC-də müəllimlərin maaşları artırılıb UNEC-də differensial əmək haqqı sisteminin 2015/16-cı tədris ili üzrə nəticələri açıqlanıb
Elm və təhsil
16 Sentyabr , 2016 11:29
UNEC-də müəllimlərin maaşları artırılıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) differensial əmək haqqı sisteminin 2015/16-cı tədris ili üzrə nəticələri açıqlanıb.

"Report"un xəbərinə görə, UNEC-in rektoru Ədalət Muradov differensial əmək haqqı sistemi barədə məlumat verib. O bildirib ki, ABŞ, Avropa, Türkiyə və Rusiya universitetlərinin təcrübəsinə əsaslanan sistem UNEC-də ilk dəfə ötən tədris ilindən tətbiq olunur: "Əmək haqlarına differensial əlavələrin edilməsində məqsəd pedaqoji heyətin motivasiyasını təmin etmək və müəllimlər arasında rəqabət mühitini gücləndirməkdir. Heyətin xidməti fəaliyyətinin qiymətləndirilməsi onların universitetdəki elm, tədris və özünüinkişaf fəaliyyət istiqamətləri üzrə həyata keçirilib".

Rektor əlavə edib ki, mütəmadi olaraq, hər ay üzrə differensial əmək haqqı sistemi əsasında müəllim, kafedra və fakültələrin reytinq siyahısı universitetin rəsmi saytında yerləşdirilib.

Ə.Muradov qeyd edib ki, bu ildən etibarən hər tədris ilində - sentyabrın 1-dən iyunun 30-dək toplanan ballara əsasən, müəllimlərin əmək haqlarına əlavələr olunacaq: "Əlavələr mövcud əmək haqqının 1,2 – 2 misli qədər nəzərdə tutulub. İlk yüzlüyə daxil olan müəllimlərin maaşları müəyyən qaydada artırılacaq. Belə ki, ilk onluqda yer alanların maaşı 2 dəfə, 11-30-cu yerlərdəkilərin maaşı 1,7, 31-60-cı yerlərdəkilərin maaşı 1,5, 61-100-cü yerdə qərarlaşanların isə əmək haqqısı 1,3 dəfə artırılacaq. Differensial əmək haqqı sistemində müəllimlərlə yanaşı, kafedra və fakültələrin də reytinqi müəyyən edilir".

O, eyni zamanda təklif olarsa digər ali məktəblərdə də bu sistemi qurmağa hazır olduqlarını bəyan edib

Tədbirin davamında online rejimdə differensial əmək haqqı sisteminin nəticələri açıqlanıb.

Son xəbərlər

Orphus sistemi