TQDK sədri orta məktəb direktorlarını tənqid edib

TQDK sədri orta məktəb direktorlarını tənqid edib "​Abituriyentlərin 46,9 faizi imtahan verdikləri fənlərin ən azı birindən sıfır bal toplayıb"
Elm və təhsil
11 Fevral , 2015 13:20
TQDK sədri orta məktəb direktorlarını tənqid edib

"Yuxarı sinif şagirdlərinin, əsasən, seçdikləri ixtisas qrupuna aid fənlərə üstünlük verməsi, məktəb rəhbərlərinin də bu vəziyyətə göz yumması halları mövcuddur"

Bakı. 11 fevral. REPORT.AZ/ "Qəbul imtahanlarında iştirak edən abituriyentlərin 46,9 faizi imtahan verdikləri fənlərin biri və ya bir neçəsi üzrə test suallarına ya cavab verməyib, yaxud da cavabları təhlil aparmadan təsadüfi qaydada seçib". "Report" xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə "Abituriyent" jurnalının 12-ci sayının təqdimatında deyib.

Onun sözlərinə görə, belə abituriyentlərin yanlış cavablarının sayı düzgünlərin sayından qat-qat çox olub, nəticədə düzgün cavabların yanlış cavablar nəzərə alınmaqla təshih edilən qiyməti sıfırdan kiçik alınıb və qəbul qaydalarına əsasən sıfıra bərabər qəbul olunub: "Təəssüf ki, hələ də gənclər arasında birtərəfli hazırlıqla ali təhsil müəssisələrinə qəbul olmaq arzusunda olanlar var. İmtahan fənlərinə qoyulan məhdudiyyət belələrinin müsabiqədə iştirakına imkan vermir. TQDK imtahan fənlərinə nisbi bal məhdudiyyəti qoymaqla gənclərimizdə bütün imtahan fənlərinə ciddi münasibət formalaşdırmağa çalışır. TQDK şagird və abituriyentlərin nəinki imtahan fənlərinə, həmçinin ümumtəhsil məktəblərində tədris olunan bütün fənlərə lazımi diqqət göstərməsinin tərəfdarıdır".

"Sirr deyil ki, hazırda məktəblərdə yuxarı sinif şagirdlərinin, əsasən, seçdikləri ixtisas qrupuna aid fənlərə üstünlük verməsi, digər fənləri isə, heç olmasa, proqramın minimum tələbləri səviyyəsində öyrənməməsi, məktəb rəhbərlərinin də bu vəziyyətə göz yumması halları mövcuddur. Məktəb rəhbərləri, eləcə də müəllimlər şagirdlərin bütün fənlər üzrə ən azı minimum proqram həcmində bilik almasına nail olmalı, imtahana düşən fənləri yaxşı bildiklərinə görə digər fənləri lazımınca öyrənməmələrinə güzəşt etməməlidirlər"- deyə, o, fikirlərinə əlavə edib.

TQDK sədri onu da qeyd edib ki, ana dili, ədəbiyyat, coğrafiya, tarix və Azərbaycan tarixi fənləri üzrə sıfır bal toplayan abituriyentlərin faizi digər fənlərə nisbətən azdır: "Sıfır bal toplayanlar ən çox fizika, kimya, biologiya, riyaziyyat, ingilis dili fənləri üzrədir. Bu fənlər üzrə abituriyentlərin nəticələrinin aşağı olması və sıfır bal toplayanların sayının çoxluğu bir sıra məktəblərdə həmin fənlərin tədrisinə, eləcə də bu fənlər üzrə qəbula hazırlıq prosesinə laqeyd münasibətin nəticəsidir. İstənilən halda bunun real səbəbləri aydınlaşdırılmalı və həmin fənlərə münasibətin dəyişdirilməsi üçün tədbirlər görülməlidir".

İmtahan fənlərindən sıfır bal toplayan abituriyentlərin Azərbaycan bölməsində çoxluq təşkil etdiyini deyən M. Abbaszadə deyib ki, bu bölmə üzrə I qrupda xarici dil, kimya və riyaziyyat, II və III qruplarda xarici dil və riyaziyyat, IV qrupda riyaziyyat, fizika, kimya və biologiya fənlərindən sıfır bal toplayanlar daha çoxdur: "Rus bölməsində daha çox sıfır bal I qrupda riyaziyyat və kimya, II qrupda riyaziyyat və Azərbaycan tarixi, III qrupda riyaziyyat və tarix, IV qrupda biologiya, fizika və kimya fənlərindəndir. Azərbaycan bölməsi üzrə IV qrupda fizika, kimya və biologiya, III qrupda ana dili, ədəbiyyat və tarix, II qrupda ana dili, riyaziyyat və xarici dil, I qrupda riyaziyyat, fizika və kimya fənləri üzrə, rus bölməsində isə IV qrupda fizika, kimya və biologiya, III qrupda tarix və riyaziyyat, II qrupda ana dili, riyaziyyat, coğrafiya və xarici dil, I qrupda ana dili, riyaziyyat, fizika və kimya fənləri üzrə sıfır bal toplayanların sayı ötən ildəkindən çoxdur. Bu il qəbul imtahanlarında rus bölməsi abituriyentlərinin, Azərbaycan tarixi və tarix fənləri istisna olmaqla, digər bütün fənlər üzrə göstəriciləri Azərbaycan bölməsi abituriyentlərinin göstəricilərindən yüksək olub. Belə üstünlük özünü ingilis dili fənni üzrə daha qabarıq şəkildə göstərib". 

Son xəbərlər

Orphus sistemi