TQDK imtahandan sonra sualları yayan şəxsi məhkəmədə 5 min manat cərimələtdirib

TQDK imtahandan sonra sualları yayan şəxsi məhkəmədə 5 min manat cərimələtdirib Tələbə Qəbulu üzrə Dövlət Komissiyası məhkəmədə vətəndaşa qalib gəlib
Elm və təhsil
5 Sentyabr , 2016 11:40
TQDK imtahandan sonra sualları yayan şəxsi məhkəmədə 5 min manat cərimələtdirib

Bakı. 5 sentyabr. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi imtahanlarda istifadə olunan test tapşırıqlarının, o cümlədən müxtəlif nəşrlərin, test kitabları, dərs vəsaitləri və “Abituriyent” jurnalının ayrı-ayrı saylarının qeyri-qanuni yolla yayımlanması qadağandır.

“Report”un TQDK-ya istinadən verdiyi məlumata görə, bu ilin martın 6-da təhsil müəssisələrinin magistratura səviyyəsinə keçirilən qəbul imtahanından sonra imtahan sualları Şərifov Rəşadət Rəşid oğlu tərəfindən qanunsuz olaraq kütləvi informasiya vasitələrində yayılıb.

O, həmçinin ideya müəllifi olduğu internet saytında və "facebook" sosial şəbəkəsində təsisçisi olduğu qrupda əvvəlki illərdə keçirilən magistraturaya qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarının da yayılmasına yol verib. Həmin sualların qeyd olunduğu sual kitabçalarının imtahandan sonra TQDK-nın razılığı olmadan sosial şəbəkədə və digər internet saytlarında yayılması imtahan suallarının məxfiliyinin qorunması qaydalarının pozulmasına səbəb olub.

Əvvəlki illərdə keçirilən magistratura səviyyəsinə qəbul imtahanlarında istifadə olunan imtahan suallarından növbəti illərdə keçirilən imtahanlarda istifadə olunur. Nəticədə TQDK yenidən mütəxəssislərin cəlb edilməsi, yeni sualların hazırlanması və s. tədbirlər həyata keçirmək məqsədilə xeyli miqdarda vəsait sərf edib ki, bu da dövlət qurumuna mühüm zərər vurulmasına səbəb olub.

Bundan başqa, Şərifov Rəşadət Rəşid oğlu tərəfindən TQDK və “Abituriyent” Jurnalı Redaksiyasına məxsus “Abituriyent 2016 Magistr №1”, “Abituriyent 2016 Magistr №2” jurnallarının qanunsuz yayılması müəllif hüquqlarının pozulmasına səbəb olub.

Qeyd olunanlarla əlaqədar, TQDK və “Abituriyent” Jurnalı Redaksiyası Şərifov Rəşadət Rəşid oğluna qarşı “pozulmuş müəllif hüquqlarının bərpası, vurulmuş zərərin əvəzinə və işgüzar nüfuza vurulmuş zərərə görə kompensasiya ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iclasında cavabdeh Şərifov Rəşadət Rəşid oğlu izahatında bildirib ki, səhv etdiyini başa düşür və gələcəkdə belə hallara yol verməyəcək.

Yekunda Zərdab Rayon Məhkəməsinin 14 iyul 2016-cı il tarixdəki iclasında qətnamə qəbul olunub.

Məhkəmə qərarına əsasən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və “Abituriyent” jurnalı redaksiyasına məxsus testlərin və məlumatların sosial şəbəkədə və müxtəlif saytlarda yayılması cavabdeh Şərifov Rəşadət Rəşid oğluna qadağan edilib.

Bundan başqa, məhkəmə qərarına əsasən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının müəllif hüquqlarının pozulmasına və işgüzar nüfuzuna dəymiş zərərə görə cavabdeh Şərifov Rəşadət Rəşid oğlundan 2500 manat məbləğində pul tutularaq TQDK-ya ödənilməlidir. Cavabdehdə eyni məbləğdə pul tutularaq “ Abituriyent” jurnalı redaksiyasına da ödəniləcək.

Məhkəmə qətnaməsinin cavabdeh Şərifov Rəşadət Rəşid oğlunun ideya müəllifi olduğu internet saytında və "facebook" sosial şəbəkəsində təsisçisi olduğu qrupda yerləşdirilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması və s. müddəalar da öz əksini tapıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və “Abituriyent” jurnalı redaksiyası bundan sonra da qeyd olunan qeyri-qanuni əməllərin qarşısının alınmasında lazımi inzibati tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanları ilə əməkdaşlığı davam etdirəcək.

TQDK bir daha xatırladır ki, rəsmi razılıq olmadan TQDK və “Abituriyent” jurnalı redaksiyasına məxsus materialların yayılması, təkrar çapı, elektron üsulla surətinin çıxarılması qadağandır.

Son xəbərlər

Orphus sistemi