TQDK bu gündən 6 və 7-ci sinif şagirdlərinin monitorinq imtahanına başlayır

TQDK bu gündən 6 və 7-ci sinif şagirdlərinin monitorinq imtahanına başlayır İmtahanlar 44 şəhər və rayonun məktəblərində keçiriləcək
Elm və təhsil
6 Aprel , 2015 09:53
TQDK bu gündən 6 və 7-ci sinif şagirdlərinin monitorinq imtahanına başlayır

Bakı. 6 aprel. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gündən orta ümumtəhsil məktəblərinin 6 və 7-ci siniflərində təhsil alan şagirdlər üçün monitorinq imtahanına başlayır. TQDK-dan "Report"a verilən məlumata görə, imtahanlar 6, 7, 9, 10 aprel tarixlərini əhatə edəcək.

İmtahan şagirdlərin tam seçilməsinin bütün xüsusiyyətlərini özündə əks etdirən reprezentativ seçmə əsasında müəyyən olunmuş respublikanın 44 şəhər və rayonunun (Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Göygöl, Samux, Qazax, Ağstafa, Tovuz, Goranboy, Şəki, Zaqatala, Balakən, Mingəçevir, Qəbələ, Qax, Oğuz, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Bərdə, Füzuli, Beyləqan, Şirvan, İmişli, Hacıqabul, Sabirabad, Salyan, Saatlı, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad, Masallı, Quba, Qusar və Xaçmaz) məktəblərində keçiriləcək.

İmtahan həm Azərbaycan, həm də rus bölmələri üzrə Ana dili və Riyaziyyat fənlərindən həyata keçirilir. 6-cı siniflər üçün imtahan saat 10:00-da, 7-ci siniflər üçün isə saat 13:00-da başlanır və hər bir imtahan 1 saat 30 dəqiqə ərzində aparılır.

Qeyd edək ki, monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır. Ümumtəhsil müəssisələrində bu imtahanlar yalnız dövlət vəsaiti hesabına təşkil olunur və valideynlərdən hər hansı ödəniş tələb olunmur.

Son xəbərlər

Orphus sistemi