TQDK ali məktəblərin magistraturalarına qəbul olanların sayını açıqlayıb

TQDK ali məktəblərin magistraturalarına qəbul olanların sayını açıqlayıb Qəbul olanlar iyun ayının 8-dən 17-dək tələb olunan sənədləri təqdim etməklə qeydiyyatdan keçməlidirlər
Elm və təhsil
13 May , 2015 18:57
TQDK ali məktəblərin magistraturalarına qəbul olanların sayını açıqlayıb

Bakı. 13 may. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına müsabiqənin nəticələrini Komissiyanın internet saytında yerləşdirib. 

TQDK-dan "Report"a verilən məlumata görə, qəbul olunanların siyahısı sabah “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.

Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 7 179 bakalavrdan 5 017 nəfəri respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Qəbul olanlardan 3 286 nəfəri ali təhsil müəssisələrinin builki, 1 731 nəfəri isə əvvəlki illərin məzunudur. Onlardan 2 073 nəfərini oğlanlar, 2 944 nəfərini isə qızlar təşkil edir.

Bundan əlavə, 2 bakalavr idman sahəsi üzrə, 1 bakalavr isə incəsənət sahəsi üzrə yüksək səviyyəli beynəlxalq yarışların və müsabiqələrin qalibi olduğu üçün magistratura səviyyəsinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olunub.

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olanlar iyun ayının 8-dən 17-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

Son xəbərlər

Orphus sistemi