Tələbələr Birliyi ​“Tələbə Həftəsi”nə yekun vurub

Tələbələr Birliyi ​“Tələbə Həftəsi”nə yekun vurub Sonuncu tədbir Bakı Slavyan Universitetində keçirilib
Elm və təhsil
17 Noyabr , 2015 18:03
Tələbələr Birliyi ​“Tələbə Həftəsi”nə yekun vurub

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan Tələbələr Birliyinin (ATB) elan etdiyi "Tələbə Həftəsi" çərçivəsində sonuncu tədbir Bakı Slavyan Universitetində keçirilib. Bu barədə "Report"a ATB-nin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının sədri Nərgiz Xələf, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov, Bakı Slavyan Universitetinin rektor müşaviri Elvin Hətəmov iştirak ediblər.

Tədbiri giriş sözü ilə Bakı Slavyan Universitetinin rektor müşaviri Elvin Hətəmov açaraq tələbələrin ölkənin ictimai həyatında fəal iştirakının vacibliyindən danışıb.

Sonra Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov çıxış edərək layihə haqqında iştirakçılara məlumat verib. Cəmiyyətin hər zaman gənclərə arxalandığını deyən E.Aslanov onları ölkədə gedən prosesləri yaxından izləməyə dəvət edib: "Bu günün tələbələri artıq cəmiyyətimizin reallığıdır. Cəmiyyət hər zaman öz gənclərinə arxalanır, gənclərin ən aktiv hissəsi məhz tələbələrdir. Ona görə də tələbələr ölkəmizdə gedən prosesləri yaxından izləməlidirlər. Bizi istəməyən xarici qüvvələrin hücumlarına adekvat cavabı elə məhz siz tələbələr verməlisiz. Biz bu gün Beynəlxalq Tələbələr Gününü qeyd edirik. Məhz bu məqsədlə biz bu gün dünya ictimaiyyətinə, tələbə hərəkatına müraciət ünvanlayacağıq. Siz bu müraciətin Avropada və dünyada təhsil alan hər bir tələbəyə çatdırılmasında yardımçı olmalısınız. Siz çalışmalısınız ki, biz Azərbaycan tələbələri olaraq öz həqiqətlərimizi, öz sülhsevər mövqemizi dünya ictimaiyyətinə çatdıraq. Bu yolda hər birimizə uğurlar".

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının sədri Nərgiz Xələf isə çıxışında gənclərin inteqrasiyası prosesində yaxından iştirak etməli olduqlarını, müxtəlif innovativ fikirlərlə çıxış etməli olduqlarını qeyd edib: "Avropanın bir hissəsi olan Azərbaycanın əsas qüvvəsi tələbələrdirsə, məhz bu inteqrasiyanı da tələbələr aparmalıdırlar. Bu gün sizlər hər biriniz facebook və twitter sosial şəbəkələrində aktiv olmalısınız. Siz ölkənin gələcək kadrlarısınız. Bu mənada hər biriniz indidən ictimai fəallıq nümayiş etdirməlisiniz".

Daha sonra Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov çıxış edərək tələbələrin bugünkü uğurlarının arxasında dövlət gənclər siyasətinin dayandığını və bu siyasətin əsas hədəfinin gənclərə, daha dəqiq desək tələbələrə daha yaxşı təhsil və sosial şəraitin yaradılmasının olduğunu qeyd edib: "Azərbaycan nəinki regionda, hətta MDB dövlətləri arasında ən öndə gedən ölkələrdəndir. Cənab Prezident G20 sammitində xatirə lövhəsinə öz imzasını atmaqla adımızı tarixə yazdı. Bu, həm də bizim imzamızdır. Ölkəmizin hərtərəfli inkişafını həzm edə bilməyən qüvvələr artıq ciddi şəkildə informasiya müharibəsinə başlayıblar. Bu mübarizədə ön sırada sizlər olmalısınız. Siz öz təhsilinizlə, öz innovativ biliklərinizin təkmilləşdirilməsi ilə dövlətimizə xidmət etməlisiniz".

Tədbirin sonunda tələbələrlə müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi