Bakı. 3 avqust. REPORT.AZ/ Bu ilin iyul ayı ərzində
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 717 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1376 sənədlər (738 məktub, 598 ərizə, 40 digər sənədlər) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlərdə daha çox müəllimlərin işə qəbulu və yerdəyişməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), ümumtəhsil məktəblərinin I siniflərinə qəbulu, xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu, yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, xaricdə təhsil üzrə Dövlət proqramı ilə bağlı məsələlər əksini tapıb.
Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin çərşənbə (2241 zəng) və cümə axşamı (2136 zəng) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 13:30-dan 15:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin çərşənbə axşamı (1274 müraciət) və çərşənbə (1374 müraciət) günləri, əsasən saat 11:00-dan 13:00-dək və 14:00-dan 15:00-dək müraciət edilib.