Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycanda ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə elektron ərizə qəbulu başa çatıb.
Yerdəyişmə üçün müraciət edənlərin əksəriyyəti (63%) İbtidai sinif (22%), Azərbaycan dili və ədəbiyyat (12%), Riyaziyyat (10%), İngilis dili (10%) və Tarix (9%) müəllimləridir. Müsabiqədə iştirak etmək üçün müraciət edənlərdən 1 303 nəfərin ərizəsi təsdiq olunub.
Ərizəsi ləğv edilənlər ümumtəhsil sistemində işləməyənlər, ümumtəhsil müəssisələrində müəllim vəzifəsində çalışmayan və ya müddətli müqavilə əsasında müəllim işləyən, həmçinin hazırda çalışdığı yerdə həvəsləndirmə tədbirləri tətbiq edilənlərdir.
Elektron ərizəsi qəbul olunmuş namizədlər iyunun 16-da Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris binasında test imtahanında iştirak etməlidirlər. İmtahanda iştirak edərək yerdəyişmək hüququ qazanan müəllimlər üçün iyunun 17-də eyni ünvanda müsahibələr təşkil ediləcək.
www.miq.edu.az saytına daxil olmaqla qanunvericilik üzrə zəruri sənədlər, test suallarının cavablandırılması üçün təlimat, test nümunələri və müsahibə proqramı ilə tanış olmaq mümkündür.
Qeyd edək ki, yerdəyişmə üzrə müsabiqə yekunlaşdıqdan sonra yenidən müəyyənləşdirilmiş vakant yerlərə müəllimlərin işə qəbulu üzrə elektron ərizə qəbulu 1-15 iyul tarixlərində aparılacaq.