Təhsil Nazirliyi TQDK-nın açıqladığı imtahan nəticələrinə münasibət bildirib

Təhsil Nazirliyi TQDK-nın açıqladığı imtahan nəticələrinə münasibət bildirib "Buraxılış imtahanlarının nəticələrinin şərhi üçün prosesin tam olaraq yekunlaşmasını gözləməyi düzgün hesab edirik"
Elm və təhsil
5 İyun , 2015 16:10
Təhsil Nazirliyi TQDK-nın açıqladığı imtahan nəticələrinə münasibət bildirib

Bakı. 5 iyun. REPORT.AZ/ "Təhsil Nazirliyi buraxılış imtahanlarının nəticələrinin şərhi üçün prosesin tam olaraq yekunlaşmasını gözləməyi düzgün hesab edir". Bu barədə "Report"un sorğusuna cavab olaraq nazirlikdən bildirilib.

"Mediada təqdim olunan məlumatlar sistemli olmadığından və daha çox populist xarakter daşıdığından bu məlumat əsasında məsələyə münasibət bildirmək doğru deyil", - cavabda qeyd olunub.

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev isə "Report"a açıqlamasında deyib ki, TQDK-nın buraxılış imtahanlarının nəticələri ilə bağlı yaydığı statistikaya əsasən, 11-ci sinif məzunları ingilis dilini Azərbaycan dilindən daha yaxşı bilirlər: "Ümumilikdə məzunların ana dili fənni üzrə 20,8 faizi 5 aldığı halda, ingilis dili fənni üzrə 28,2 faiz məzun əla qiymət alıb. Ana dili fənni üzrə 2 alanların sayı ingilis dili üzrə 2 alanların sayından daha çoxdur ki, bu da bir sıra suallar yaradır". 

Onun fikrincə, buraxılış imtahanlarının nəticələrinin təhsilin keyfiyyət göstəricisi kimi qəbul edilməsi doğru deyil: "Belə bir absurd nəticənin səbəbi TQDK tərəfindən imtahanlarda sualların çətinlik səviyyəsinin müxtəlif olmasıdır. Subyektiv səbəblərdən TQDK müxtəlif illərdə çətinlik səviyyəsinə görə fərqlənən imtahanlar keçirir. 11-ci sinif məzunlarının ingilis dilini Azərbaycan dilindən daha yaxşı bilməsi inandırıcı görünmür". 

Qeyd edək ki, TQDK-nın buraxılış imtahanları ilə bağlı açıqladığı statistikaya görə, Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 55.85%-i ana dili fənni üzrə, 57.98%-i riyaziyyat fənni üzrə “2” və “3”, həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 44.15%-i, riyaziyyat fənni üzrə isə 42.02 %-i “4” və “5” qiyməti alıblar. Rus bölməsində isə buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 45.56%-i ana dili fənni üzrə, 44.16%-i riyaziyyat fənni üzrə “2” və “3”, həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 54.44%-i, riyaziyyat fənni üzrə isə 55.84%-i “4” və “5” qiyməti alıblar.

Eyni zamanda, Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 11-ci sinif şagirdlərinin 45.67%-i ana dili fənni üzrə, 35.39%-i riyaziyyat fənni üzrə “2” və “3”, həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 54.32%-i, riyaziyyat fənni üzrə isə 64.62%-i “4” və “5” qiyməti alıblar. Rus bölməsində isə buraxılış imtahanında iştirak edən 11-ci sinif şagirdlərinin 36.85%-i ana dili fənni üzrə, 27.32%-i riyaziyyat fənni üzrə “2” və “3”, həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 63.15%-i, riyaziyyat fənni üzrə isə 72.68%-i “4” və “5” qiyməti alıb. 

Son xəbərlər

Orphus sistemi