Təhsil Nazirliyi devalvasiyanın müəllimlərin maaşlarına nə dərəcədə təsir edəcəyinə aydınlıq gətirib - EKSKLÜZİV

Təhsil Nazirliyi devalvasiyanın müəllimlərin maaşlarına nə dərəcədə təsir edəcəyinə aydınlıq gətirib - EKSKLÜZİV "Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutunun yeni əsasnaməsi hazırlanır"
Elm və təhsil
23 Dekabr , 2015 10:32
Təhsil Nazirliyi devalvasiyanın müəllimlərin maaşlarına nə dərəcədə təsir edəcəyinə aydınlıq gətirib - EKSKLÜZİV

Bakı. 23 dekabr. REPORT.AZ/ "Müəllimlərin diaqnostik qiymətləndirilməsi yalnız dərs yükü normasının, eləcə də əmək haqqı sisteminin fərqli qaydada tətbiqi demək deyil. Bu, sadəcə hər bir müəllimin özünütəhlil, özünün zəif və güclü tərəflərini görməsi və bu baza ilə ixtisasartırma təliminə yanaşma tərzinə təsir edir". Bunu "Report"a eksklüziv açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, keçən il Bakıda keçirilən qiymətləndirmə zamanı ötən illərin praktikasından fərqli olaraq ixtisasartırmada ayrı yanaşma olub: "Artıq ixtisasartırma sahəsində qiymətləndirmədən keçən müəllimlərə standart ixtisasartırma təlimləri vermirik. Bilirik ki, əvvəllər standart təlimlər var idi. Yəni, əvvəllər həm çox yüksək göstəriciləri olan, həm də zəif olan müəllimlərin hamısı eyni ixtisasartırma təlimlərindən keçirdilər. Bəziləri üçün bu, müəyyən mənada maraqsız, bəziləri üçün isə əlçatmaz idi. İndi isə qiymətləndirmənin nəticələri nəzərə alınaraq, fərqli standartlar, paketlər formalaşır. Buna uyğun olaraq da, müəllimlər ixtisasartırmaya cəlb olunurlar. Artıq ixtisasartırma təlimlərini həyata keçirən əlavə təhsil müəssisələri ilə ilkin və son qiymətləndirməni keçirən qurum arasında fərq yaradılıb".

Nazir müavini əlavə edib ki, ixtisas artıran qurum nəticədə təlimdən keçən müəllimlərin qiymətləndirməsini aparmır: "Bu işi artıq kənar qurum həyata keçirir. Bununla da, ixtisasartırmanı kimin aparmasından asılı olmayaraq, nazirlik vahid qiymətləndirmə aparır. Bizdə hər bir müəllimlə bağlı vahid, eyni prinsiplə hesablanan, qiymətləndirmə aparan məlumat bazası yaradılır".

O, həmçinin qeyd edib ki, bütün bu məsələlər nəzərə alınaraq, Bakı Pedaqoji Kadrların İxtisasartırması və Yenidən Hazırlanması İnstitutunun profili də dəyişdirilib: "Nazirlər Kabinetinin bu yaxınlarda verdiyi sərəncamla, həmin qurum Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutu adlandırılıb. Artıq institutun yeni əsasnaməsi hazırlanır. Həmin institut ixtisasartırmanın müxtəlif sahələri üzrə proqramların hazırlanmasını, monitorinqin keçirilməsini, standartları müəyyənləşdirən ilkin və son qiymətləndirməni keçirəcək".

C.Bayramov onu da qeyd edib ki, mərhələli şəkildə təhsil sistemində differensiyallaşdırılmış əmək haqqı sisteminə keçid nəzərdə tutulur: "Birinci mərhələdə qiymətləndirmənin yekunu olaraq yeni dərs yükünün müəyyənləşdirilməsi və əmək haqlarının yeni prinsiplə hesablanması məsələsi əsas götürüləcək. Bunun üçün də hərtərəfli seçim attestasiya və sertifikasiyanın keçirilməsi nəzərdə tutulur ki, bu da sonrakı mərhələdir".

Nazirlik rəsmisi dolların məzənnəsinin artmasının müəllimlərin maaşlarına nə dərəcədə təsir etməsi məsələsinə də münasibət bildirib: "Azərbaycanda əmək haqlarının hesablanması manatla nəzərdə tutulub ki, buna görə də müəllimlərin əmək haqlarında heç bir dəyişiklik gözlənilmir".

Qeyd edək ki, ilk dəfə 2014-cü ildə paytaxt məktəblərində çalışan 30 min müəllimin ixtisas və metodika sahəsində biliklərinin, kommunikativ qabiliyyətlərinin diaqnostik qiymətləndirilməsi aparılıb. Bu ilin sonuna kimi ölkənin daha 3 şəhər və 9 rayonunda müəllimlərin diaqnostik qiymətləndirilməsinin keçirilməsi prosesi başa çatacaq. Bu il 30 minə yaxın müəllimin biliyi yoxlanılacaq. Bu da ölkə müəllimlərinin təxminən 40 faizini əhatə etmiş olacaq. Gələn il yanvarın 1-dən isə onların maaşları artımla hesablanacaq. Əmək haqlarının artımı diaqnostik qiymətləndirmədən keçən bütün müəllimlərə şamil ediləcək. Amma artım zamanı qiymətləndirmədən keçən müəllimlər arasında fərq qoyulmayacaq, artım bütün müəllimlərin əmək haqlarına eyni səviyyədə təsir göstərəcək.

Son xəbərlər

Orphus sistemi