Bakı. 13 iyun. REPORT.AZ/ Təhsil Nazirliyi bəzi ümumtəhsil müəssisələrində “Son zəng” tədbirlərinin iyunun 14-dən tez keçirilməsi məsələsinə aydınlıq gətirib.
Nazirlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, bəzi ümumi təhsil məktəblərində “Son zəng” tədbiri bu gün keçirilir: “Lakin bu, Təhsil Nazirliyinin razılığına əsasən olub. Buna səbəb Bakı şəhərində keçiriləcək "Formula 1 Avropa Qran Pri" yarışı ilə bağlı iyunun 14-dən etibarən Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinin tamamilə məhdudlaşdırılmasıdır”.
Xatırladaq ki, təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda “Son zəng” tədbirinin keçirilməsi haqqında əmr imzalayıb. Əmrə əsasən, “Son zəng” tədbiri iyunun 14-də yalnız müəssisənin ərazisində təşkil olunmalıdır. Lakin Azərbaycanın, o cümlədən Bakının bir sıra rayonlarında “Son zəng” tədbiri vaxtından əvvəl keçirilib.
Qeyd edək ki, iyunun 14-də ümumi təhsil müəssisələrinin IX siniflərini 110 222, XI siniflərini 88 591, XII sinifləri isə 856 şagird bitirəcək. Növbəti 2016/2017-cı dərs ilində isə orta məktəblərin I siniflərinə 164 033 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.