Təhsil Nazirliyi: 1468 vakant müəllim yeri var

Təhsil Nazirliyi: 1468 vakant müəllim yeri var Boş qalan və müsabiqə prosesində yeni yaranmış vakant yerlərə əlavə yerləşdirmə başlayıb
Elm və təhsil
3 Sentyabr , 2015 16:47
Təhsil Nazirliyi: 1468 vakant müəllim yeri var

Bakı. 3 sentyabr. REPORT.AZ/ Ümumi təhsil müəsisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən, boş qalan və müsabiqə prosesində yeni yaranmış vakant yerlərə əlavə yerləşdirmə başlayıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hazırda müəllim peşəsinə 1468 vakant yer var.

Əlavə yerləşdirmədə fənlər üzrə müvafiq keçid balını toplayan, eləcə də müəyyənləşdirilmiş keçid balından 10 faiz aşağı bal toplayan namizədlər iştirak edə bilərlər. Əlavə yerləşdirmə nəticəsində vakant yer tutmaq hüququ qazanan keçid balını toplayan namizədlər müddətsiz müqavilə əsasında, keçid balından aşağı bal toplayanlar 2015-2016-cı dərs ilinin sonunadək müddətli müqavilə ilə işləmək hüququ əldə edəcəklər.

Əvvəlki illərdən fərqli olaraq, cari ildə müsabiqədən sonra ümumi təhsil müəssisələrində qalan vakant yerlərin tutulması sahəsində yeni yanaşma tətbiq edilib. Belə ki, ixtisaslı müəllimlərin müddətli müqavilə ilə işə qəbulunun mərkəzləşdirilmiş müsabiqə əsasında həyata keçirilməsi nəzərdə tutulub.

Əlavə yerləşdirmə üzrə elektron ərizələrin qəbulu bu gündən başlanacaq və 6 sentyabr saat 15:00-da başa çatacaq. Əlavə yerləşdirmədə iştirak etmək üçün namizədlər öz "Şəxsi səhifə"lərinə daxil olmaqla 8-dək vakant yer seçə bilərlər.

Əlavə yerləşdirmə nəticəsində vakant yer tutmaq hüququ qazanan namizədlər 7 sentyabr saat 14.00-da Azərbaycan Dövlət İqtisad Universitetinin II korpusuna müsahibəyə dəvət olunacaqlar.

Vakant yer tutmaq hüququ qazanan keçid balından aşağı bal toplamış namizədlərin siyahıları müddətli müqavilələrin bağlanması üçün müvafiq yerli təhsil orqanlarına və təhsil müəssisələrinə göndəriləcək.

Son xəbərlər

Orphus sistemi