Təhsil naziri: "Korrupsiya ilə mübarizə fəaliyyətimizin əsas istiqamətlərindən biri olaraq qalmaqdadır"

Təhsil naziri: "Korrupsiya ilə mübarizə fəaliyyətimizin əsas istiqamətlərindən biri olaraq qalmaqdadır" Bunu təhsil naziri Mikayıl Cabbarov deyib
Elm və təhsil
12 Oktyabr , 2015 23:50
Təhsil naziri: Korrupsiya ilə mübarizə fəaliyyətimizin əsas istiqamətlərindən biri olaraq qalmaqdadır

Bakı. 12 oktyabr. REPORT.AZ/ Təhsil sistemindəki korrupsiya və digər neqativ hallarla mübarizə fəaliyyətimizin əsas istiqamətlərindən biri olaraq qalmaqdadır.

“Report”un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, bu iş iki istiqamətdə - birincisi, ayrı-ayrı faktlar barədə müvafiq araşdırmaların aparılması və ikincisi, neqativ halların baş verməsinə şərait yaradan amillərin aradan qaldırılması istiqamətində aparılır. Belə ki, cari ilin 9 ayının yekunu üzrə 7 cinayət əlaməti olan fakt üzrə materiallar prokurorluq orqanlarına göndərilmiş, vətəndaşların şikayətlərində göstərilən hallar təsdiqləndiyi üçün 18 nəfər vəzifəli şəxs tutduğu vəzifədən azad edilib.

“Lakin korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılmasında daha səmərəli və effektiv üsul sistemli yanaşmanın tətbiqidir. Məsələn, Təhsil Nazirliyi tərəfindən müəllimlərin və məktəb direktorlarının mərkəzləşdirilmiş qaydada işə qəbulu, 1-ci sinfə uşaqların elektron qəbulu, ali təhsil müəssisələrinin verdikləri diplomların elektron bazasının yaradılması və bu qəbildən olan digər tədbirlər həyata keçirilir”, - deyə nazir bildirib.

Mikayıl Cabbarov ona da qeyd edib ki, Təhsil Nazirliyi, əlavə ştatlar tələb olunmadan daxili ixtisarlar hesabına peşə təhsili sisteminin yenidən qurulması və işəgötürənlərin tələblərinə cavab verən, əmək bazarında dəyişən şəraitə çevik və adekvat təklif verməyə qadir ilk-peşə ixtisas proqramlarının işlənib hazırlanması üçün Peşə Təhsili Dövlət Agentliyinin yaradılması təklifini irəli sürüb. “Hesab edirik ki, gənclərin tələbat olan işçi ixtisaslarına yiyələnməsi üçün yeni mexanizmlər axtarılıb tapılmalıdır. Bununla yanaşı, ümumi təhsil müəssisələrində IX sinfin yekununda yüksək akademik nailiyyətlər əldə etməyən şagirdlər üçün peşəyönümlü siniflərin yaradılması konsepsiyası üzərində işə başlanılıb”, . deyə M.Cabbarov bildirib.

Mikayıl Cabbarov onu da qeyd edib ki, “2013-cü ildə təsdiq olunmuş “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın prioritet istiqamətləri üzrə tədbirlərin həyata keçirilməsinə başlanılıb. Müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” sərəncama əsasən, diaqnostik qiymətləndirmədən keçən 30 min müəllimin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılıb. Aparılan islahat nəticəsində həmin müəllimlərin orta aylıq əmək haqqı 425 manat təşkil etməklə, ölkə üzrə müvafiq göstəriciyə yaxınlaşıb.

Nazir xatırladıb ki, ölkənin ali təhsil şəbəkəsinin təkmilləşdirilməsi və müəllim hazırlığı işinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Müəllimlər İnstitutunun 3 filialı ləğv edilib, həmçinin keyfiyyətli təhsil verilməsində rəqabətə davam gətirə bilməyən özəl universitetlərin də fəaliyyətinin dayandırılması prosesi davam edib.

Son xəbərlər

Orphus sistemi