Tarix İnstitutunda İlham Əliyevə həsr edilən kitabın təqdimatı olub

Tarix İnstitutunda İlham Əliyevə həsr edilən kitabın təqdimatı olub Kitabın müəllifi institutun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur
Elm və təhsil
24 Dekabr , 2014 16:19
Tarix İnstitutunda İlham Əliyevə həsr edilən kitabın təqdimatı olub

Bakı. 24 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunda "İlham Əliyev və Azərbaycan tarix elmi" adlı fundamental elmi əsərin təqdimatına həsr edilən Elmi Şuranın iclası keçirilib. "Report" xəbər verir ki, iclasda çıxış edən institutun direktoru, Elmi Şuranın sədri Yaqub Mahmudov cari ildə Tarix İnstitutunun Azərbaycan tarixi üçün çox əhəmiyyətli işlər gördüyünü deyib.

Onun sözlərinə görə, ölkə başçısı İlham Əliyevin tövsiyə və göstərişləri nəzərə alınaraq Tarix İnstitutunda ermənilərin əsassız iddialarına layiqli cavab vermək məqsədilə fundamental araşdırmalar aparılıb.

Daha sonra Yaqub Mahmudov institutun bu il ərzində nəşr etdirdiyi dəyərli kitablar, elmi əsərlər, ölkənin hər bölgəsində ermənilərin törətdiyi soyqırımlara həsr edilən sənəd topluları və kitablar, 3 cildlik “Münşi İsgəndər bəy. Dünyanı bəzəyən Abbasın tarixi” kitabının nəşri, Azərbaycan Respublikası Milli Atlasının tərtibində Tarix İnstitutunun xəritələrinə geniş yer verilməsi barədə məlumat verib.

O, Tarix İnstitutunun 2014-cü ildə əldə etdiyi ən uğurlu layihəsinin Prezident İlham Əliyevə həsr edilən “İlham Əliyev və Azərbaycan tarix elmi” adlı kitabın nəşri olduğunu qeyd edib. İlham Əliyevin Tarix İnstitutuna verdiyi töhfələr, Azərbaycan tarix elminin inkişafında göstərdiyi böyük xidmətlər, prezidentin tarix elminin saxtalaşdırmalardan, zərərli konsepsiyalardan təmizlənməsi, soyqırımlarla bağlı elmi araşdırmaların aparılması istiqamətində Tarix İnstitutuna verdiyi böyük dəstək, tövsiyə, qayğı və diqqət nəzərə alınaraq bu kitab ərsəyə gəlib.

“İlham Əliyev və Azərbaycan tarix elmi” monoqrafiyası Prezident İlham Əliyevin tövsiyə, çağırış və tapşırıqlarına əsasən müstəqil Azərbaycan Respublikasında tarix elminin konseptual problemlərinə, bu problemlərin araşdırılması istiqamətində aparılan dövlət siyasətinə və strategiyasına həsr olunub. Kitabın müəllifi institutun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur. 

5 bölmədən ibarət olan monoqrafiyada dövlət başçısının Azərbaycan tarix elminin inkişafına yönələn məqsədyönlü siyasəti tədqiq edilir, Azərbaycan tarixinin obyektiv araşdırılması işinə ölkə rəhbərinin xüsusi qayğı göstərməsi nəticəsində bu mühüm elm sahəsinin Azərbaycan Respublikasının İnkişaf Strategiyasının mühüm tərkib hissəsi olduğu işıqlandırılır. 

Kitabda həmçinin Azərbaycan tarixinin və mədəniyyətinin müdafiəçisi olan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətlərinə də yer ayrılıb. Tədqiqatda respublikada tarix üzrə araşdırmaların mərkəzi olan AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəaliyyətinə də diqqət yetirilir.

Son xəbərlər

Orphus sistemi