SOCAR-ın tələbələr üçün təsis etdiyi xüsusi təqaüdün verilməsi üzrə müsabiqə keçiriləcək

SOCAR-ın tələbələr üçün təsis etdiyi xüsusi təqaüdün verilməsi üzrə müsabiqə keçiriləcək Namizədlər aprelin 26-dan etibarən TQDK-nın internet səhifəsinə daxil olaraq "Namizədin imtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər
Elm və təhsil
19 Aprel , 2016 08:48
SOCAR-ın tələbələr üçün təsis etdiyi xüsusi təqaüdün verilməsi üzrə müsabiqə keçiriləcək

Bakı. 19 aprel. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 1-də ali təhsil müəssisələrinin tələbələrinə SOCAR-ın təqaüd proqramına namizədlərin seçim imtahanının I mərhələsi olan test imtahanını keçirəcək. Bu barədə "Report"a TQDK-nın mətbuat xidmətindən bildirilib.

Namizədlər aprelin 26-dan etibarən TQDK-nın internet səhifəsinə daxil olaraq "Namizədin imtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Namizədlər imtahana özləri ilə 2 sənəd - şəxsiyyəti təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizədlər imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

Xatırladaq ki, qeydiyyatı SOCAR özü aparıb və 1 570 nəfər qeydiyyatdan keçib. İmtahanın nəticəsinə əsasən, yüksək bal toplayan namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edirlər. Müsahibəni SOCAR-ın məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.

Qeyd edək ki, SOCAR bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələrin müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004/2005-ci tədris ilindən etibarən həyata keçirir. 

Son xəbərlər

Orphus sistemi